“Hesab edirəm ki, COP29 iqlim maliyyəsi sahəsindəki sədləri aşmalıdır. İnkişaf etməkdə olan ölkələr Bakıdan əliboş getməməlidir.”
Apa xəbər verir ki, bunu BMT Baş katibi Antonio Quterreş noyabrın 12-də Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimindəki çıxışında deyib.
O eyni zamanda planetin iqlim dəyişikliyi ilə mübarizə sahəsindəki tələbatımı ödəyə biləcək maliyyə vəsaitinin ayrılmasının zəruriliyindən danışıb və bunun üçün beş əsas elementin təminatını vacib sayıb.
“Onlardan birinci ekoloji cəhətdən təmiz elektrik enerjisinin istehsalına dövlət maliyyəsinin güzəştli şərtlərlə cəlb olunması, ikincisi isə ayrı-ayrı dövlətlərin inkişaf etməkdə olan ölkələrə ayrılmalı olan trilyonlarla dolların təminatına hazır olmasıdır. Üçüncü element isə innovativ maliyyə mənbələrindən istifadənin təminatıdır. İnnovativ mənbələr dedikdə biz gəmiçilik, aviasiya və faydalı qazıntı hasilatından əlavə pul vəsaitinin alınmasını nəzərdə tuturuq. Dördüncü element isə iqlim maliyyəsi sahəsində hesabatlılığın təmin olunmasıdır ki, göstərilən amil pulların mənimsənilmədiyinə əminlik yaradır. Nəhayət, beşinci element isə iri və cəsarətli, çoxtərəfli bankların kredit imkanlarının artırılmasıdır. Haqqında bəhs etdiyim bu məqamlar ciddi şəkildə kapitallaşma tələb edir. Onu da bildirmək istəyirəm ki, əlimizdəki imkanlar kifayət etməsə belə, çoxtərəfli sistemdə dəyişikliklər etməklə bu resursları artırmaq olar. Böyük dəyişikliklər böyük vəsait tələb edir. COP29-un nəticələri sentyabrda Nyu-Yorkda razılaşdırılan pakta uyğun olmalı və bu prosesi daha da stimullaşdırmalıdır”.