Cenevrədə Azərbaycanın dövlət müstəqilliyinin bərpasının ildönümü münasibətilə tədbir keçirilib

Cenevrədə Azərbaycanın dövlət müstəqilliyinin bərpasının ildönümü münasibətilə tədbir keçirilib backend

 

BMT-nin Cenevrədəki bölməsi yanında ölkəmizin daimi nümayəndəliyi tərəfindən tanınmış azərbaycanlı tədqiqatçı və mədəniyyətşünas Fuad Axundovun Azərbaycan mədəni irsinin XIX-XX əsrlərdə təkamülünə həsr olunmuş təqdimatı təşkil edilib.

QAZÍLER.AZ  AZƏRTAC-a istinaden  xəbər verir ki, BMT-nin Cenevrə bölməsində təşkil olunmuş tədbirin açılışında səfir Qalib İsrafilov Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsinin 33-cü ildönümünə həsr edilmiş nitqlə çıxış dib. Çıxışda Azərbaycanın müstəqil siyasətinin regionda sabitliyin və inkişafın təşviqinə yönəldiyini, 2020-ci il İkinci Qarabağ müharibəsi və 2023-cü ildə baş tutmuş lokal antiterror tədbirləri sonrası ölkəmizin genişmiqyaslı yenidənqurma və bərpa işlərini həyata keçirdiyini bildirilib. Azərbaycanın müstəqil dövlətçilik tarixinin 33 il olmasına baxmayaraq, xalqımızın qədim və zəngin tarixi və mədəni irsə malik olduğu vurğulanıb. Bu irsin təkamülünə Çar Rusiya İmperiyası tərəfindən işğal edilmiş Azərbaycanın İrəvan, Qarabağ, Bakı, Gəncə, Naxçıvan, Quba, Şamaxı və digər xanlıqlarında yaşamış məşhur azərbaycanlıların töhfə verdiyi bildirilib.

Ölkəmizin üçüncü Respublika dövrünü yaşaması və müstəqil siyasət yürütməsinin XIX-XX əsr tarixinin qaranlıq səhifələrinə işıq tutmağa imkan verdiyi və azərbaycançılıq məfkurəsinə töhfə vermiş insanların, xüsusilə İrəvan xanlığından olan şəxslərin töhfəsi barədə həqiqəti üzə çıxarmağa şərait yaratdığı qeyd edilib.

Çıxışın davamında, səfir Q.İsrafilov beynəlxalq ictimaiyyətə bu həqiqətlərin çatdırılmasının və bəşəriyyətə mənsub olan itirilmiş irs barəsində məlumatların payşlaşılmasının vacibliyini qeyd edib. Bu xüsusda, Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olması və münasibətlərin normallaşması məqsədilə aparılan səylərin beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənməsinin və keçmiş İrəvan xanlığından, hazırkı Ermənistan Respublikasından qovulmuş 100 minlərlə Azərbaycanlının öz doğma vətəninə qayıdış hüququnun bərpa edilməsinin zəruri olduğu bildirilib.

Sonra Fuad Axundov İrəvanın son iki əsr ərzində keçdiyi və onun demoqrafiyası, görünüşü və arxitekturasına təsir etmiş transformasiyalar barədə, o cümlədən İrəvan xanlığının tarixi və görkəmli şəxsiyyətləri ilə bağlı təfərrüatlı məlumatla bölüşüb və müvafiq təqdimat qonaqların diqqətinə çatdırılıb. Təqdimat əsnasında təəssüf hissi ilə qeyd edilib ki, bu mədəni və tarixi irsin əksər hissələri itirilib və onun barədə yalnız tarixi mənbələrdə, muzeylərdə saxlanılan artefaktlar əsasında təəssürat formalaşdırmaq mümkündür. Buna baxmayaraq, həmin irs bu torpaqlarda yaşamış və hazırda qaçqın statusunda olan azərbaycanlıların qayıdışı üçün əsas diqqətəlayiq faktordur.

Tədbirdə BMT-nin Cenevrə bölməsi yanında akkreditə olunmuş müxtəlif ölkələrin daimi nümayəndəliklərinin rəhbərləri və əməkdaşları, eləcə də Cenevrədə fəaliyyət göstərən beynəlxalq təşkilatların rəhbərləri, diaspora, QHT və elmi dairələrin nümayəndələri iştirak edib.

Tədbir zamanı ölkəmizin tarixi və mədəni irsini əks etdirən nəşr və kitablar qonaqlara təqdim edilib. Tədbirin sonunda qonaqlar üçün ziyafət təşkil olunub.

Diaspora