Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov BRİKS-in çatışmazlıqlarından danışaraq bildirib ki, üzv ölkələrin milli maraqları heç də hər şeydə üst-üstə düşmür və qərarların razılaşdırılması prosesi bəzən uzun çəkir.
Qaziler.az xəbər verir ki, onun sözlərini “Lenta.Ru” sitat gətirib.
O vurğulayıb ki, “problemsiz və çətinlik olmadan etmək mümkün deyil”.
“İştirakçı ölkələrin milli maraqları hər şeydə üst-üstə düşmür. Bu, göz qabağındadır. Müvafiq olaraq, qarşılıqlı fəaliyyət üçün yanaşmalar və prioritetlərin razılaşdırılması prosesi bəzən xeyli vaxt aparır”, - diplomat bildirib.
Ryabkov onu da qeyd edib ki, BRİKS çərçivəsində qərarların koordinasiyası digər məsələlərlə yanaşı, assosiasiyaya üzv ölkələrin hökumətlərinin dəyişməsindən də asılıdır.
BRİKS Rusiya Federasiyası, Braziliya, Hindistan, Çin, Cənubi Afrika, Birləşmiş Ərəb Əmirlikləri, İran, Misir və Efiopiyanın daxil olduğu dövlətlərarası birlikdir. BRİCS adı ingilis dilindədir və təşkilatın ilk beş üzvü Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika adlarını özündə birləşdirir. Assosiasiyanın ilk sammiti 2009-cu ildə keçirilib. Görüşlərdə BRİKS üzvləri iqtisadi və geosiyasi məsələləri müzakirə edir, qarşılıqlı faydalı layihələr üzrə əməkdaşlıq qururlar.
QAZİLER.AZ