“KTMT NATO kimi hərbi blok deyil, ölkələri birləşdirən təşkilatdır”.
Qaziler.az “Sputnik Ermənistan”a istinadla bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
Zaxarova Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin “Ermənistan üçün ən yaxşı həll yolu hərbi ittifaqlar yox, neytrallıq olardı” sözlərinə münasibət bildirib. Diplomat qeyd edib ki, bu bəyanat KTMT-yə şamil edilmir.
“KTMT hərbi blok deyil, o, öz təhlükəsizliyindən narahat olan ölkələri birləşdirən təşkilatdır və orada nə nizamnamə sənədlərində, nə də fəaliyyət tarixində bu strukturun kiməsə qarşı yönəldiyini göstərən bir söz yoxdur”, - Zaxarova deyib.
Qeyd edək ki, Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İtaliyanın aparıcı mətbu orqanlarından olan “La Repubblica” qəzetinə müsahibəsində "Ermənistanın hərbiləşdirilməsi məsuliyyətli və mütənasib olmalıdır. Məsələn, İrəvan Fransadan uzaqmənzilli raketlər və artilleriya sistemləri alır və bununla da yenidən Azərbaycan şəhərlərinə hücum edə bilər. Ermənistan üçün ən yaxşı həll yolu Azərbaycanın təhlükəsizliyini təhdid edən hərbi ittifaqlar yox, neytrallıq olardı", fikirlərini səsləndirib.
QAZİLER.AZ