Riçardas Lapaytis: Xarıbülbül çiçəyi Azərbaycan əsgərinin Zəfərə inamının rəmzidir

Riçardas Lapaytis: Xarıbülbül çiçəyi Azərbaycan əsgərinin Zəfərə inamının rəmzidir backend

Litvalı jurnalist Riçardas Lapaytis artıq tarixə qovuşmuş Qarabağ münaqişəsinin əvvəlindən bəri Azərbaycanın haqq səsini dünyaya çatdıran azsaylı beynəlxalq media nümayəndələrindən biri olub. O, Qarabağ müharibəsinin demək olar ki, bütün qaynar nöqtələrində olub, erməni təcavüzkarları tərəfindən doğma torpaqlarından qovulmuş qaçqınların əzab-əziyyətini görüb. Azərbaycan Riçardas Lapaytisin xidmətlərini yüksək qiymətləndirib. O, Prezident İlham Əliyevin 22 iyul 2020-il tarixli Sərəncamı ilə “Dostluq” ordeni ilə təltif olunub.

Sentyabrın 27-də qeyd olunan Anım Günündə Riçardas AZƏRTAC-da olub, Birinci Qarabağ və Vətən müharibəsi ilə bağlı xatirələrini bölüşüb, AZƏRTAC-ın yutub kanalında yayımlanan “Günün mövzusu” verilişinin aparıcısına müsahibə verib.

Müsahibənin mətnini oxuculara təqdim edirik.

Aparıcı: Salam, efirdə “Günün mövzusu” verilişidir. Bu gün Azərbaycanda Anım Günüdür. Düz dörd il bundan əvvəl – sentyabrın 27-də Vətən müharibəsi başladı, onun nəticəsində Azərbaycan Ordusu Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə işğal olunmuş əraziləri azad edib. İkinci Qarabağ müharibəsi və Zəfərin nəticələri barədə litvalı jurnalist, hərbi ekspert Riçardas Lapaytis ilə söhbət edəcəyik.

Cənab Lapaytis, xoş gördük.

Riçardas Lapaytis: Salam.

Aparıcı: Gəlin, sizin fikirlərinizdən başlayaq. Çox vaxt deyirdiniz ki, bu müharibədə Azərbaycanın Qələbəsi qanunauyğundur və onu ədalətli adlandırırdınız. Bu, sizin sitatınızdır. Bu qanunauyğunluq nədən ibarətdir?

Riçardas Lapaytis: Mən çox vaxt bütün proseslərin son həddinin olduğunu deyirəm, həmin qanunauyğunluq də bununla bağlıdır. Bu fikirləri Qarabağ mövzusunu, Azərbaycanın ərazi bütövlüyü məsələsini daim işıqlandıran, uzunmüddətli işğal dövründə tez-tez ölkənizə səfər edən, qaçqınlar düşərgələrində yaşayan, bütün bu ədalətsizliyi, çoxsaylı gecə atışmalarını, beynəlxalq təşkilatların susqunluğunu, ATƏT-in Minsk qrupunun “işinin” nəticələrini, “danışıqlar” xətrinə aparılan müzakirələri, bu proseslərin əbədi davam edəcəyini, ağrılı, artıq sözlərin də dəyərini itirdiyi vəziyyəti aydın görən bir insan kimi deyirəm. İnsanların səbrinin də bir həddi var, səbir kasası dolanda onlar deyirlər: “Bu oyunları qurtarın. Biz də insanıq”.

Aparıcı: Artıq dörd il keçib və bütün ölkələrdən olan hərbi ekspertlər Azərbaycan Ordusunun müzəffər yürüşünü çox ətraflı təhlil etdilər. Bir hərbi ekspert kimi bunu necə qiymətləndirirsiniz?

Riçardas Lapaytis: Təqdir edirəm, ilk günlərdən bunu həmişə demişəm, əməliyyat ən yüksək səviyyədə aparılıb. Baxın, müharibə 44 gün çəkdi. Azərbaycan Ordusu Xankəndinin girəcəyində dayananda, o, sanki düşmənə fikrindən dönməyə imkan verdi, çünki dinc əhali arasında itkilərin qarşısını almaq istəyirdi. Lakin nəticədə görürdük ki, erməni tərəfi, erməni millətçiləri bundan nəticə çıxarmadı. Onlar Azərbaycanın ərazisində olduqlarını dərk etmədilər. İndi artıq dörd ildən sonra görünür ki, o vaxt bütün baş verənlər düzgün seçim idi. Çünki, yəqin ki, Azərbaycan özü də yaxşı bilirdi ki, erməni millətçiləri, erməni siyasətçiləri məğlubiyyətdən nəticə çıxarmayacaq . Bu məsələdə onlara imkan vermək olmazdı. Çünki təxribatlar davam edirdi. Son nəticədə hamımız Azərbaycanın qeyd-şərtsiz Zəfərini gördük.

Aparıcı: Cənab Lapaytis, pencəyinizin yaxasında rəmzi “Xarıbülbül” nişanını görürəm. Bu nişan hər birimiz üçün özünəməxsus əhəmiyyət kəsb edir. Bəs sizin üçün hansı mənanı daşıyır?

Riçardas Lapaytis: Məşhur Şuşa şəhərinin yaxınlığında bitən bu balaca çiçək mənim üçün xüsusi məna daşıyır. Bilirsiniz, bu təkcə Azərbaycan əsgəri, Azərbaycan xalqı üçün deyil, həm də hərbi jurnalistlər, dünya mediası, ədalətə inanan və bu barədə yazan jurnalistlər üçün rəmzidir. Sizə deyim ki, bu çiçəyin timsalında İkinci Qarabağ müharibəsi dövründə Azərbaycan xalqının və Azərbaycan əsgərinin yaşadıqlarını müqayisə etdim. Mən hətta bu balaca çiçək haqqında məqalə də yazmışam. Baxın, Xarıbülbül 30 il işğalçı tapdağı altında olub, ona heç kəs qulluq etmirdi və bu çiçək sağ qaldı, əsl sahiblərinə qovuşdu. Deyərdim ki, bu çiçək Azərbaycan əsgərinin, həmçinin təkcə azərbaycanlıların deyil, bütün sağlamdüşüncəli insanların Zəfərə inamıdır. Onun qəlbimə yaxın olması ilə fəxr edirəm.

Aparıcı: İnamdan söz düşmüşkən, bir məsələyə toxunmaya bilmərəm. Mənim üçün bu, yəqin ki, həm də məcburi köçkünlərin öz ata-baba yurdlarına qayıtması ilə bağlıdır. Onların arasında sizin çoxsaylı dostlarınız var. 90-cı illərdən, Azərbaycana ilk səfəriniz zamanı tez-tez yazırdınız ki, qaçqınlar öz doğma torpaqlarına qayıdacaqlarına əmindirlər. İndi onların çoxu artıq qayıdıb. Bəs hazırda bu insanlar nə deyirlər?

Riçardas Lapaytis: Bilirsiniz, mən sizə sadə bir misal gətirəcəyəm. İyul ayında Şuşada keçirilən Qlobal Media Forumunda möhtərəm Prezident də iştirak edib, 54 ölkədən jurnalistlərin suallarını cavablandırıb. Biz Cıdır düzünə getdik.

Bu azadlığı hiss etmək və oradakı gözəlliyi görmək üçün qonaqların bir çoxu Cıdır düzünü ziyarət ediblər. Görürəm ki, düz yerdə, daşların üstündə sadə bir ailə – baba, nənə, ata, uşaqlar oturublar. Mən onlara yaxınlaşıb soruşdum: “Haradan gəlmisiniz?” Dedilər ki, ağdamlıyıq. Digəri bildirdi ki, əslən Şuşa şəhərindəndir. Dedim: “Sizi qucaqlaya bilərəm?” Əlbəttə, deyəndən sonra soruşdular: “Sən kimsən?” Cavab verdim: “Sizinlə birlikdə çıxıb gedən, sizlərlə çörək kəsən, Birinci Qarabağ müharibəsinin hərbi müxbiriyəm. Litvalı olsam da, sizin yaşadığınız torpaq itkisi acısını mən də hiss etdim. Biz çox səmimi qucaqlaşdıq. Bəzən deyirəm ki, həmin qürur hissini susaraq da ifadə etmək olar. Baxın, onlar qayıdıblar, onlar sevinirlər.

Keçmiş məcburi köçkünlərin uşaqlarının Şuşada yabanı güllər toplaması ilə bağlı təəssüratlarımdan yazmışam. Orada hələ də dağıntı çoxdur, onlar bu gülləri çox ehtiyatla yığıb ürəklərinə yaxın saxlayırdılar, kimdən ötrü topladıqlarını da bilirdim. Doğma yurduna qayıdan insanlar o gülləri əlbəyaxa döyüşdə Qarabağın tacı olan Şuşa şəhərini azad edən Azərbaycan əsgərinə aparırdılar. Onlar öz əsgərləri, tarixi və Vətəni ilə fəxr edirdilər. Xoşbəxtlik üçün nə lazımdır?! Böyükdən kiçiyə hər kəsin qəlbində qürur hissi vardı. Bu, kənardan çox gözəl görünürdü. Gördüklərimə heyran olurdum.

Aparıcı: Bir dəfə demişiniz ki, gözübağlı maşınla Füzuli şəhərindən Əlibəyli kəndinə qədər gedə bilərsiniz. Yəni, siz Azərbaycanın bu bölgəsini çox yaxşı tanıyırsınız və artıq qeyd etdiyiniz kimi, ölkəmizin ərazi bütövlüyü bərpa olunandan sonra orada olmusunuz. 2020-ci ildən sonra oraya ilk gələndə sizi ən çox nə təəccübləndirdi?

Riçardas Lapaytis: Söhbət ilk günlərdən gedirsə, baş verənləri görmək mənim üçün çox ağır idi. Çünki cəbhə xəttindən uzaqda yerləşən yaşayış məntəqələri atəşə tutulmuşdu. Baxın, təkcə Tərtər dəfələrlə artilleriya atəşinə məruz qalmışdı. Gözəl, müasir Tərtər musiqi məktəbinin bütün pəncərələri sındırılmışdı. Orada müəllimləri gördüm və onların birindən soruşdum: “Siz 44 günlük müharibə zamanı dərsləri davam etdirdiniz?” Cavab verdi: “Bəli, biz dərslərə davam edirdik. Atışma olanda uşaqları çıxarırdıq, sonra onlar dərsə qayıdırdılar”. Çox yerlərdə oldum, ürəyim ağrıyırdı. Mən yandırılmış torpağı, mədəni irsin, ekologiyanın necə zərər çəkdiyini gördüm. Lakin, eyni zamanda, gözlərdəki parıltını gördüm. Bilirsiniz, əvvəllər İkinci Qarabağ müharibəsindən, azadlıq mübarizəsindən öncə insanlar başlarını aşağı salır, gözlərində kədərlə mənim yanıma gəlirdilər. Onların hansı hissləri keçirdiyini başa düşürsünüz? Otuz il atəş altında yaşayırsan, bu müddətdə sənə “qara yaxırlar”, amma düşmənə cavab verə bilmirsən. Bu dəfə isə onlar yaxınlaşıb məni qucaqlayırdılar: “Heç bir problem yoxdur, biz hər şeyi yenidən quracağıq, əsas olan, torpaqlarımızın azad edilməsidir. Artıq heç kim bizə - fermerlərimizə, uşaqlarımıza atəş açmayacaq”. Ona görə də bu, heç nə ilə müqayisə oluna bilməyən hissdir. Getdiyim hər yerdə hiss edirdim ki, bu insanlar öz torpaqlarında xoşbəxtdirlər. Bunu ancaq muğama qulaq asarkən yaşadıqlarımla müqayisə edə bilərəm. Muğam insana çox güclü təsir edir. Mən 30 il öz doğma yurdunda köçkün sayılan azərbaycanlılar arasında özümü belə hiss edirdim. Bu barədə düşünmək belə qorxuludur. Mən sizinlə çox fəxr edirəm.

Aparıcı: Təşəkkür edirəm. Siz indi belə bir kəlmə işlətdiniz: “qara yaxırlar”. Reallıqda dünya mediasında böyük həcmdə böhtan, yalan, uydurmalar var idi. Lakin siz bütün bu müddət ərzində, 90-cı illərdən başlayaraq, həqiqətən də baş verənlər haqqında həqiqət çatdıran materiallar dərc edirdiniz. Bu, nə dərəcədə çətin idi?

Riçardas Lapaytis: Çox çətin idi. Mən heç nəyi şişirtmirəm. Heç bir şöhrət, tərif istəmirəm, amma çox nadir hallarda görmədiyim bir şey haqqında yazıram. Əsasən, yazdıqlarımın 90 faizi gördüklərim və yaşadıqlarımdır. Beynəlxalq mediada, Baltikyanı mediada bu haqda yazmağa çalışanda, qapıdan sənə bunun doğru olmadığını başa salırlar və deyirlər ki, bu haqda yaza bilməzsən, çünki işğalçıların, cəlladların hisslərinə toxuna bilər. Mənə bunu bildiriblər. Xocalıdan sonra heç də hamı bu dəhşətli faciə, soyqırımı haqqında yazmaq istəmirdi, eynilə etnik təmizləmə haqqında indiyə qədər susduqları kimi. Buna görə də mən özümə söz verdim. Çoxdankı hadisələrdir və bu sözü təkcə özümə vermədim.

1992-ci ilin fevralında Xocalıdan olan analar övladlarına Ağdam məscidinin yanında yas tutanda, mənim 23 yaşım var idi, məni orada heç kim tanımırdı, nə adımı, nə də soyadımı bilirdilər. Bir qadın dedi: “Oğlum, düşünürsən ki, bizim haqqımızda heç olmasa bir kəlmə də olsa həqiqəti yazacaqlar? Sən burada qanın sel kimi axdığını görürsən? Öldürülən körpələri görürsən? Burada baş dərisinin tükü ilə birlikdə soyulmasını, əllərin, barmaqların, qulaqların kəsildiyini görürsən? Sən bütün bunları görürsən? Oğul, çox xahiş edirəm, söz ver ki, qayıdıb heç olmasa bir kəlmə həqiqəti yazacaqsan. Mən bu günə kimi bunu rəhbər tuturam. Məni hədələsələr də, hətta nəsə etməyə çalışsalar da, yenə də azadlığa işıq salmağın bir yolunu tapacağam.

Aparıcı: Yəni, indi də bunu etmək çətindir? Siz “hədələyib” deyil, “hədələyir” dediniz. Bu, davam edir?

Riçardas Lapaytis: Bilirsiniz, İkinci Qarabağ müharibəsindən sonra elə bil ki, təzyiqlər dayanıb. Bunun nə qədər davam edəcəyini bilmirəm, amma indi sakitlikdir və mən buna çox şadam. Digər tərəfdən, baxın, əgər 1992-ci ildə özümü tənha hiss edirdimsə, indi belə bir hiss yoxdur. Çünki Azərbaycan o vaxt bir növ informasiya vakuumunda idi. İndi ölkə informasiyanın yayılmasını asanlaşdırmaq üçün hər şeyi edib. 1990-cı illərin əvvəllərində avropalıların şüuruna təsir edən erməni yalanları artıq işləmir. Onların hansı mövqedə olduğu mənə məlum olduğu üçün [2020-ci il müharibəsi zamanı] dünyanın daha pis reaksiya verəcəyini gözləyirdim, lakin heç kim Azərbaycanı günahlandıra bilmədi. Çünki Azərbaycanın heç bir addımı erməni xalqına qarşı yönəlməmişdi. Ermənilərin Azərbaycan ərazisində həyata keçirdiyi etnik təmizləmə azərbaycanlılar tərəfindən aparılmamışdı. Odur ki, zaman dəyişir.

Üstəlik, bu gün sosial şəbəkələr çox inkişaf edib, onların əhəmiyyəti barədə Azərbaycan Prezidenti də Şuşada keçirilən Media Forumunda deyib. Orada təxribat xarakterli suallar da var idi. Məsələn, forum iştirakçılarından biri erməni jurnalistlərin Şuşaya niyə gəlmədiyini soruşdu, Prezident buna cavab verdi ki, onlar dəvət olunublar, amma niyə gəlmədikləri məlum deyil. Dövlət başçısı bildirib ki, onların mövqeyini dinləməyə şad olardı.

Aparıcı: Əlbəttə, erməni jurnalistləri vaxtilə işğal etdikləri ərazilərdə bu gün baş verən heyrətamiz transformasiyalar haqqında yazmağa hazır deyillər. Ümumiyyətlə, bu transformasiyalar və Azərbaycanda gedən müsbət dəyişikliklər mövzusu Litvada və prinsipcə Avropada oxucularınız üçün nə dərəcədə maraqlıdır?

Riçardas Lapaytis: Mən bir neçə onlayn konfrans keçirdim, xüsusən də ukraynalı tələbələrlə. Həm rektorlar, həm də tələbələrin özləri Azərbaycanla, azərbaycanlıların öz ata-baba torpaqlarını 30 illik işğaldan necə azad etməsi ilə maraqlanırdı, bu, çoxları üçün olduqca maraqlıdır. Onlar məndən soruşurdular ki, Azərbaycan bunu necə bacardı? Bəli, Azərbaycanın etdiyi kimi, ordunu müasir silahlarla tam təchiz etmək mümkündür. Lakin silah öz-özünə döyüşmür. Silah insanlar tərəfindən idarə olunur. İnsanları isə inam idarə edir. Əgər sənin inamın, ürəyin və cəsarətin, ədalətin yoxdursa, həqiqətə arxalanmırsansa, bu silah heç nədir və o, döyüş meydanında qalib gəlmir. Azərbaycan xalqı necə də möhkəm idi. Bu səbəbdən, əlbəttə ki, Azərbaycanın Qələbəsi çoxları üçün maraqlıdır. Bir çox insanlar, o cümlədən Baltikyanı ölkələrdə də mənə sual verirlər: “ Onlar bunu necə bacardılar?” Otuz il sığınmaq üçün səngərlər qazırdılar və 44 gündə Azərbaycan ərazisinin 20 faizini işğaldan azad etdilər. Ona görə də bu məsələ Qərbdə aktualdır. Mənə elə gəlir ki, texnologiyanın necə döyüşdüyünü dünyaya ilk göstərən də Azərbaycan oldu. Bu müharibə hələ də hər kəsin dilindədir. Bundan sonra insanların necə yaşadığı, Azərbaycanın Ermənistana qarşı mövqeyi, Bakının sülh yolu ilə getməsi və dövlətlərarası münasibətləri bundan sonra da qurmağa çalışması məni valeh edir. Bir çox insan buna heyrandır. Ona görə də bütün bunlar onlar üçün maraqlıdır. Bir il ərzində Litvada görüşlərdə iştirak etmişəm, müxtəlif təşkilatlar tərəfindən dəvət edilmişəm. Onlar üçün maraqlı olmasaydı, məni dəvət etməzdilər. Bu görüşlərə o qədər adam gəlir ki, zala güclə sığırlar. Bu, çox maraqlı mövzudur və onun ətrafında müzakirələr davam edəcək. Çünki bu, hələ başlanğıcdır. Azərbaycan öz ərazilərini necə bərpa etdiyini hələ göstərəcək.

Aparıcı: Son sualımız. Azərbaycanın öz ərazilərini bərpa etdiyini dediniz. Azərbaycan bu gün xaricdən - Avropadan, Litvadan, səyahət etməli olduğunuz, işləməli olduğunuz digər ölkələrdən necə görünür, sadə insanlarda təəssürat necədir?

Riçardas Lapaytis: Açığını desəm, azad edilmiş ərazilərə səfər edən hərbi jurnalist kimi görürəm ki, çoxlu sayda mina qalıb. Mən hər zaman açıq həqiqəti deyirəm, doğruları söyləməyi xoşlayıram. Orada yüz minlərlə mina qalıb. Xankəndində universitet açılır. Amma gənclər Xankəndi yaxınlığında gəzə bilməyəcək, çünki orada erməni mina terrorunun izləri qalıb.

Siz dağıntıların miqyasına baxın. Füzuliyə uçanda qonaqlara deyirlər: “Pəncərədən baxın. İşğalçıların burada nələr törətdiyini görürsünüz? Siz bu vəhşiliyi görürsünüz? Görmürsünüzsə, deməli, korsunuz”. Ona görə də mən buna tamamilə başqa cür baxıram. Mən çox şadam ki, işğaldan azad edilmiş ərazilər belə sürətlə bərpa olunur. Hansı layihələrin həyata keçirildiyini görürəm. Xaricilər isə ölkənizə baxanda (bu yerləri mənim qədər dərindən bilməyənlər) Azərbaycanı tunelin sonunda böyük bir işıq kimi görürlər. Düşünməyin ki, mən bunu Azərbaycanla yaxından tanış olduğum üçün və ya onun dostu kimi deyirəm. Mən həmişə Azərbaycanın dostu, bu ölkənin vətənpərvəri olaraq qalacağam. Çünki bu xalq azadlıq naminə böyük qurbanlar verib. Xaricilər isə buna daha təbii yanaşırlar. Onlar sizi gözəl bir ölkə kimi görürlər, çünki burada qonaqpərvər xalq yaşayır. Hətta Bakıya uçduğumu deyəndə, Türkiyəyə istirahətə gedənlərin çoxu bildirirdi: “Mən də ora getmək istərdim. Orada çox ləziz mətbəx, gözəl insanlar var”. Məgər dağlar, dənizlər ölkəni gözəlləşdirir? Ölkəni xalq gözəlləşdirir. Burada hər addımda bu gözəlliyi hiss edirsən. Ona görə də sizi çox hərarətlə qəbul edirlər və mən bu səmimiliyi Vilnüsün özündə də hiss edirəm. Orada çox fəal diaspora fəaliyyət göstərir. Prezident və birinci xanım Vilnüsün Köhnə şəhərini gəzərkən insanlarla söhbət edirdilər, litvalılar onlara yaxınlaşırdılar. Bu barədə Litva mediası yazıb.

Bizim çox dərin tarixi əlaqələrimiz var. Bildiyiniz kimi, 1920-ci ildə burada Litvanın konsulluğu açılıb və ilk konsulumuz çalışıb. Ona görə də biz bütün bu tarixi əlaqələri davam etdiririk. Bu, məni çox sevindirir.

Azərbaycanın paytaxtı bir çox beynəlxalq tədbirlərə ev sahibliyi edir. Azərbaycan hətta mənim üçün hələ də tam öyrənilməmiş bir ölkədir. Mən şimal rayonlarına səfər etmişəm. Quba, Qusar necə də gözəldir. Gələcəkdə hərbi mövzulardan uzaqlaşmaq istərdim. Necə deyərlər, “daşları atmaq” vaxtı idi, indi isə onları “toplamaq” zamanıdır. Yeni mədəni layihələrin vaxtı gəlib çatıb. Bu mövzu məni çox maraqlandırır və cəlb edir. Azərbaycanın gözəl gələcəyi var və bunu hər addımda hiss etmək olar. Oyanırsan, çölə çıxırsan və səhər tezdən bağbanı görürsən. Bilirsiniz, bu torpağın əsas bağbanı elə Azərbaycan xalqı özüdür. Çox şadam ki, bu ölkəyə gəldim, taleyim sizinlə bağlıdır. Mən çox şey öyrəndim. Mütəfəkkir Ömər Xəyyam deyib: “İki nəfər eyni pəncərədən baxırdı...”. Bədxahlar hər zaman olacaq. Biz həmişə eyni pəncərədən baxacağıq: amma biri qızılgül, digəri isə yağış və çirkab görəcək. Dünyaya baxış prizması mühümdür. Deyirlər, əvvəlcə özündən başla, öz həyətindən bax, başqalarına öyüd-nəsihət vermə. Fransa və ABŞ kimi ölkələr dərs verməyə başlayanda, mənim xoşuma gəlmir. Nizam-intizamı əvvəlcə öz evinizdə yaradın, sonra isə başqalarına öyrədin. Əgər Azərbaycanın mövqeyi, Azərbaycan Prezidentinin başını dik tutub hamıya açıq baxaraq həqiqətləri söyləməsi xoşunuza gəlmirsə, onda bilməlisiniz ki, biz xalq, millət, ölkəyik. Kiçikdən böyüyə qədər hamını ürəkdən qucaqlayıram. Hərdən öz-özümə sual verirəm: “Bu, həqiqətidir?”, “Bəlkə bu, yuxudur?” Amma əminəm, biz gələcəyi birlikdə qura bilərik.

Diaspora