Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə böyük qrant müsabiqəsi çərçivəsində həyata keçirdiyi "Minasız dünya təşəbbüsü - BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin 18-ci məqsədi kimi" adlı layihəsi uğurla icra olunmaqdadır.
QHT.az xəbər verir ki, layihə çərçivəsində BMT-nin Cenevrə ofisində keçirilməsi planlaşdırılan əsas tədbirin təşkili və hazırlıqları üçün 08-12 sentyabr tarixlərində BAMF prezidenti və layihə rəhbəri Umud Mirzəyev Cenevrəyə səfər edib. Səfərin əsas məqsədi keçirilməsi nəzərdə tutulan paralel sessiyanın təşkili üçün əlaqələrin genişləndirilməsi və partnyorların tədbirə cəlb olunması olub. Səfər çərçivəsində ilk olaraq BMT-nin Cenevrə ofisinin Baş direktorunun Kabinet rəhbəri xanım Lidiya Qriqoreva ilə görüş keçirilib. Görüşdə Azərbaycanın 18-ci DİM təşəbbüsünüdən, icra olunan layihədən və Azərbaycanın COP29 hazırlıqlarından danışılıb. Növbəti önəmli görüş isə BMT-nin Tərksilah İşləri Ofisinin Cenevrə üzrə Xidmət Rəhbəri Melanie Regimbal ilə keçirilib. Xanım Regimbal da görülən işləri və təklifləri dəstəkləyərək yekun tədbirdə iştirakla bağlı istəyini qeyd edib. BMT-nin Ətraf Mühit Proqramının (UNEP) Avropa ofisinin Siyasət və Tərəfdaşlıqlar üzrə Koordinatoru Vondvosen Asnake Kibret ilə də COP29 ətrafında maraqlı müzakirələr aparılıb.
Daha sonra Mina aksiyası proqramında dünyanın aparıcı təşkilatlarının nümayəndələri ilə - ardıcıl olaraq, İsveçrə Minalarla Mübarizə Fondunun (FSD) Əməliyyatlar üzrə rəis müavini xanım Angele Disantis, Minaların Qadağası üzrə Beynəlxalq Kampaniya – Kasetli Sursat Koalisiyasının (ICBL-CMC) direktor müavini Kasia Derlicka və Piyada Əleyhinə Minaların Qadağası Konvensiyasının İcrasına Dəstək Bölməsinin direktoru Xuan Karlosla görüşlər keçirilib. Bu görüşlərdə də əsas müzkirə mövzuları Azərbaycanın mina problemi və 18-ci DİM təşəbbüsü və Agentliyin dəstəyi ilə icra olunan layihə və onun yekun tədbirinin təşkilatçığı olub.
Səfərin son günlərində Nobel Sülh Mükafatı laureatı "Nüvə Silahlarının Ləğv Edilməsi üzrə Beynəlxalq Kampaniya (ICAN)" təşkilatının Cenevrədəki baş ofisində icraçı direktoru, insan hüquqları və beynəlxalq hüquq sferasında tanınmış simalardan biri olan Melissa Parke ilə müzakirələr aparılıb. Xanım Parke bu ilin oktyabr ayının sonlarında keçirilməsi planlaşdırılan 18-ci DİM ilə bağlı paralel sessiyada əsas spikerlərdən biri olmağa və hətta həmin vaxt əməkdaşlıqların inkişafı üçün memorandum imzalamağa da hazır olduğunu bildirib.
Layihənin əsas tədbirinin - paralel sessiyanın 31 oktyabr – 1 noyabr tarixləri aralığında baş tutacaq BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı İdarəsinin (OHCHR) Sosial Forumunda keçirilməsini planlaşdırılır. Bu sessiya layihənin təsirini və mahiyyətini daha effektiv çatdırmaq, beynəlxalq ictimaiyyətin, nüfuzlu təşkilatların diqqətini cəlb etmək və təşəbbüsün vacibliyinə maraq qazandırmaq üçün mühüm rol oynayacaq.
Qeyd edək ki, layihənin əsas məqsədi Azərbaycanda keçiriləcək beynəlxalq COP29 tədbiri çərçivəsində ekoloji problemlərin önəm daşıdığı bir zamanda minaların insan sağlamlığına və təbiətə vurduğu ziyanlara, xüsusən qlobal sülh və inkişaf üçün yaratdığı maneələrə dair unikal çağırışlara və BMT-nin 18-ci Dayanıqlı İnkişaf Məqsədi (SDG/DİM) kimi mina probleminin müəyyən edilməsi təşəbbüsünə dəstək verməkdir.