Ramazan Korkmaz: Azərbaycan dünyada formalaşan yeni gücün mərkəzində dayanır

Ramazan Korkmaz: Azərbaycan dünyada formalaşan yeni gücün mərkəzində dayanır backend

Hazırda dünya gərgin dövrdən keçir. Lakin baş verən bütün bu hadisələrin qarşısında biz Böyük Şərqin oyanışına, yeni gücün formalaşmasına şahid oluruq. Azərbaycan isə bu oyanışın və birlik çağırışının mərkəzində dayanır. Türk dünyasının birliyinə doğru atılan addımlar isə Fransa kimi müstəmləkəçi dövlətlərin əsas qorxulu röyasıdır. Getdikcə faşist və irqçi siyasətçilərin təsiri altına düşən rəsmi Parisin Azərbaycanı hədəf almasının əsas məqsədi də Türk dünyasını birləşdirən mənbəyi parçalamaq, Böyük Şərq oyanışının qarşısını almaqdır.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Qafqaz Universitetləri Birliyinin rəhbəri, professor Ramazan Korkmaz deyib.

“Coğrafiya taledir və biz, bölgə ölkələri olaraq, öz taleyimizi Fransa kimi, keçmişi bəlli olan güclərin ixtiyarına buraxa bilmərik. Bölgəmizdəki sülh Fransanın təxribatçı fitnəsi ilə deyil, bölgə ölkələrinin rifahı və sülhü inkişaf etdirmək üçün bir araya gəlməsi, problemlərin birlikdə aradan qaldırılması ilə təmin oluna bilər”, - deyə müsahibimiz bildirib.

Fransanın XVI əsrdən bəri imperialist məqsədlər güdən müstəmləkəçi bir ölkə olduğunu qeyd edən professor bildirib ki, bu cür ölkələr çalışaraq, haqq edərək deyil, oğurlayaraq, istismar və talan edərək yaşamağı üstün tuturlar: “Xüsusilə XIX əsrin sonu, XX əsrin əvvəlində əldə etdiyi texniki üstünlüklə Fransa Əlcəzair, Çad, Niger, Seneqal, Qvineya, Kot-d'İvuar, Konqo, Mali, Benin, Burkina Faso və Toqo kimi ölkələri işğal edərək onların yeraltı və yerüstü sərvətlərini ələ keçirib. Bu xalqların mədəniyyəti məhv edilərək insanları qul kimi istifadə olunub. XX əsrin əvvəlində Osmanlı İmperiyasının zəifləməsindən istifadə edən Fransa türklərə məxsus ərazilərdə əsrlər boyu sülh içində yaşamış müxtəlif etnik qrupları bir-birinə qarşı qoyaraq bölgəni cəhənnəmə çevirərək bundan böyük faydalar əldə edib. Münaqişə bitdikdən sonra isə istismar etdiyi cəmiyyətləri taleyin axarına tərk edərək, elə ermənilərin ifadəsi ilə desək “ermənilərin qanını Van samanı kimi ucuz qiymətə satın alıb”.

Rəsmi Parisin bölgəmiz, xüsusilə ölkəmiz ilə bağlı əsassız ifadələrini şərh edən professor deyib: “Görünən odur ki, Fransa XXI əsrin əvvəllərində yenidən imperialist məqsədlərini ön plana çıxarır. Lakin indi şərtlər çox dəyişib. Artıq cəmiyyətlər daha çox məlumatlıdır. Xüsusilə azlıqlar “qanlarını ucuz qiymətə almaq istəyən” imperialist güclərə əvvəlki kimi inanmaqdan uzaqdırlar. Heç yadımdan çıxmır, 2012-ci ildə Tiflisdə keçirilən Qafqaz Universitetlər Birliyinin rektorlar toplantısında iştirak edən erməni professor da bu məsələyə toxunmuşdu. Toplantıda qonaq qismində çıxış edən professor “Amerika, Rusiya, Fransa, İngiltərə, bütün dünya bizim arxamızdadır. Lakin biz acıq. Bizə Türkiyə lazımdır. Türkiyə böyüklük edib bizi daşnakların və diasporun əlindən qurtarsın” deyə göz yaşları içində ölkəsindəki vəziyyət haqqında danışdı”.

Qarabağ Zəfərindən sonra Ermənistan ermənilərinin böyük əksəriyyətinin baş nazir Nikol Paşinyanın da dediyi kimi, real siyasətə dönməyin vacibliyinə inandıqlarını bildirən şərhçi sözlərinə belə davam edib: “Təəssüf ki, bu istək Fransanı narahat etdi. Fransa tez bir zamanda daşnak lobbilərini və diasporu hərəkətə keçirərək müharibə təbili çalmağa çalışdı. Qarabağın işğaldan azad edilməsi ilə Qafqazda normallaşma prosesi başlayıb. Lakin bu vəziyyət, başda Fransa olmaqla, bəzi imperialist dairələri çox narahat edir. Halbuki, bölgədə sülhün və rifahın təmin edilməsi üçün normallaşma prosesinin davam etdirilməsi mütləqdir. Fransa Azərbaycanın simasında apardığı Türk düşmənçiliyi siyasətindən yalnız zərər görəcək. Çünki yeni bir dünya qurulmaqdadır və bu dünyada müstəmləkəçi güclərin oyunlarına qarşı böyük bir oyanış baş qaldırıb. Artıq dünyanın vicdanı manipulyasiya edilə bilməyəcək şəkildə oyanıb. İmperialist güclər daha regional aktorları öz maraqları üçün istədikləri kimi istifadə edə bilməyəcəklər. Onların oyuncağı olan və olmaq istəyən ölkələr, cəmiyyətlər isə tarixə baxıb dərs almalı, həqiqi həyata qayıtmalıdırlar”.

Diaspora