Xarici İşlər Nazirliyinin Kollegiyası “Azərbaycan Respublikasına səfər etmək istəyən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə vizaların verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”i təsdiq edib. Reqlament oktyabrın 27-dən qüvvəyə minib. APA-nın məlumatına görə, bu reqlamentə əsasən “http://evisa.mfa.gov.az” ünvanında təqdim edilən elektron xidmət Azərbaycana səfər etmək istəyən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin viza (turistlərə verilən elektron viza istisna olmaqla) almaq üçün elektron qaydada müraciətinin və sənədlərinin qəbul edilməsi, baxılması, cavablandırılması və baxılmanın nəticəsindən asılı olaraq viza rəsmiləşdirilməsi və ya viza rəsmiləşdirilməsindən imtina edilməsini əhatə edir.
Viza verilməsi haqqında əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin vəsatətlərinə, müraciət olunduğu gündən ən geci 15 gün keçənədək, Azərbaycan prezidenti tərəfindən müəyyən edilən hallarda, habelə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin səfəri təcili müalicə, yaxud Azərbaycanda yaşayan yaxın qohumunun ağır xəstəliyi və ya ölümü ilə bağlıdırsa (bu faktları təsdiq edən sənəd təqdim olunmaqla) ən geci 2 iş günü ərzində baxılır. Elektron xidmət ödənişlidir. Birdəfəlik giriş vizaları üçün – 50 ABŞ dolları, çoxdəfəlik giriş vizaları üçün – 350 ABŞ dolları, turizm vizaları və şəxsi kontraktla təhsil alan tələbələrin vizaları üçün – 20 ABŞ dolları, birdəfəlik tranzit vizası üçün – 20 ABŞ dolları, ikidəfəlik tranzit vizası üçün – 40 ABŞ dolları məbləğində dövlət rüsumu ödənilir.“Dövlət rüsumu haqqında” qanununa əsasən, xarici ölkələrin müvafiq orqanları tərəfindən Azərbaycan vətəndaşlarına münasibətdə viza rəsmiləşdirilməsi üçün tutulan dövlət rüsumunun məbləği həmin qanunla eyni hərəkətlərə görə müəyyən edilmiş məbləğdən fərqli olduqda, dövlət rüsumunun dərəcəsi Nazirlər Kabinetinin qərarı ilə həmin ölkələrdə Azərbaycan vətəndaşlarına münasibətdə tutulan dövlət rüsumu səviyyəsində müəyyən olunmuş məbləğdə tətbiq edilir. “Dövlət rüsumu haqqında” qanuna əsasən Azərbaycana gələn dövlət nümayəndə heyəti üzvləri və rəsmi şəxslərdən, Azərbaycanda beynəlxalq humanitar təşkilatları təmsil edənlərdən, dövlət xətti ilə təhsil alan və pedaqoji fəaliyyət göstərənlərdən, müdafiə xətti ilə səfər edənlərdən viza rəsmiləşdirilməsi üçün dövlət rüsumu alınmır. Viza verilməsi üçün ödənilən dövlət rüsumu, müraciətə baxılmanın nəticəsindən asılı olmayaraq, geri qaytarılmır.
Elektron xidmətin göstərilməsi üçün ərizə-anket, pasport və ya digər sərhədkeçmə sənədinin əsas səhifələrinin surətləri (pasportun və ya digər sərhədkeçmə sənədinin etibarlılıq müddəti verilməsi nəzərdə tutulan viza müddətinin bitməsi tarixindən azı 3 (üç) ay artıq olmalıdır), biometrik identifikasiya tələblərinə uyğun rəngli fotoşəkil (3x4sm), tibbi sığorta şəhadətnaməsinin surəti (dəvət edən tərəf tibbi xidmətləri öz üzərinə götürmədikdə), əcnəbini və ya vətəndaşlığı olmayan şəxsi dəvət edən tərəfin vəsatəti, dövlət qeydiyyatı haqqında şəhadətnamənin surəti (qeyri-dövlət təşkilatları üçün), dəvətin səbəbini təsdiqləyən sənəd (tranzit, turizm, rəsmi və şəxsi səfər vizaları üçün bu sənədlər tələb olunmur), viza verilməsi üçün dövlət rüsumunun ödənilməsi barədə sənəd, rəsmi səfər məqsədilə verilən giriş vizaları üçün əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin təmsil etdiyi ölkənin və ya beynəlxalq təşkilatın rəsmi notası və ya Azərbaycanın müvafiq qurumlarının vəsatəti, elm və ya təhsil məqsədilə verilən giriş vizaları üçün əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycanda təhsili və yaşayışı ilə bağlı xərcləri ödəyə biləcək maliyyə vəsaitinə malik olması haqqında müvafiq sənəd (Azərbaycan Respublikasında əcnəbinin və vətəndaşlığı olmayan şəxsin təhsili vətəndaşı olduğu və ya daimi qeydiyyatda yaşadığı ölkə tərəfindən maliyyələşdirilmədiyi halda), müalicə məqsədilə verilən giriş vizaları üçün müayinə və ya müalicə olunacaq xəstəliyin olması barədə tibbi arayış, şəxsi səfər məqsədi ilə verilən giriş vizaları üçün dəvət edən şəxsin şəxsiyyətini təsdiq edən sənədin surəti, əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin səfəri ilə bağlı maliyyə xərclərinin (bilet, gündəlik yaşayış, tibbi və sair) təminatı barədə öhdəlik və ya bu xərcləri ödəyə biləcək maliyyə vəsaitinə malik olma barədə müvafiq sənəd, habelə dəvət edilən şəxsin əməkçi miqrantın və ya təhsil alan əcnəbi və vətəndaşlığı olmayan şəxsin ailə üzvü olmasını təsdiq edən sənəd, turizm məqsədilə verilən giriş vizaları üçün turizm vauçeri və ya turizm yollayışı, sərnişin bileti və mehmanxanada, kempinqdə, turist bazasında və ya digər bu kimi obyektlərdə yer sifariş edilməsini təsdiqləyən sənəd, tranzit vizaları üçün təyinat ölkəsinə getmək vizasının (təyinat ölkəsinə səfər etmək üçün vizasız rejim müəyyən olunmuş ölkələr istisna olmaqla) və müraciət olunan ölkədən təyinat ölkəsinə getmək üçün nəqliyyat biletinin surətləri (əldə etmək mümkün olduğu təqdirdə) və ya bu səfəri təsdiq edən digər məlumatlar və 18 yaşına çatmamış, lakin pasport sahibi olan və valideyni və ya qanuni nümayəndəsi ilə birgə səfər etməyən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə viza rəsmiləşdirilməsi üçün yuxarıda qeyd olunan sənədlərdən əlavə, notariat qaydasında təsdiq olunmuş doğum haqqında şəhadətnamənin surəti, valideynlərin və ya qanuni nümayəndənin icazəsi və onların şəxsiyyətlərini təsdiq edən sənədlərin surətləri də tələb olunur. Viza rəsmiləşdirilməsi ilə əlaqədar Azərbaycana səfər etmək istəyən əcnəbilərdən və vətəndaşlığı olmayan şəxslərdən Miqrasiya Məcəlləsi ilə nəzərdə tutulmayan sənədlərin tələb olunması qadağandır.
Ərizə forması elektron xidmətin təqdim edildiyi internet ünvanında real vaxt rejimində doldurulur və qeyd olunan sənədlərin elektron surətləri ərizəyə əlavə edilərək həmin elektron ünvana təqdim edilir. İstifadəçi tərəfindən təqdim olunmuş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə sorğunun yerinə yetirilməsindən imtina olunur və imtinanın səbəbləri barədə ərizəçinin elektron poçt ünvanına dərhal məlumat göndərilir. Təkrar vəsatətə imtinanı doğuran səbəblər aradan qaldırıldıqdan sonra baxılır. İstifadəçi tərəfindən təqdim edilmiş sənədlər reqlamentə uyğun olduqda sorğu qəbul olunur. Elektron qaydada daxil olmuş viza verilməsi barədə ərizənin düzgün doldurulması və tələb olunan sənədlərin tamlığı diplomatik nümayəndəlik və konsulluqlar tərəfindən yoxlanıldıqdan sonra dərhal “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat axtarış sistemi (İAMAS) vasitəsilə gücləndirilmiş elektron imza ilə təsdiq edilərək baxılması üçün Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinə göndərilir. Nazirliyin Konsulluq idarəsinin məsul əməkdaşı tərəfindən sorğudakı məlumatların düzgünlüyü və tamlığı yoxlanılır və İAMAS-ın məhdudiyyət siyahıları ilə müqayisələr aparılır. Bundan sonra, sorğu razılaşdırılma məqsədilə Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinə göndərilir. Milli Təhlükəsizlik Nazirliyinin rəyi alındıqdan sonra qəbul edilən yekun rəy sorğunun daxil olduğu diplomatik nümayəndəlik və ya konsulluğa təqdim edilir. Viza verilməsi məqsədəuyğun hesab edildikdə diplomatik nümayəndəlik və ya konsulluq tərəfindən viza blankının fərdiləşdirilməsi, pasporta yapışdırılması, verilməsi və qeydə alınması təmin edilir. Araşdırmaların nəticəsindən asılı olaraq, viza verilməsi məqsədəuyğun hesab edildikdə istifadəçiyə elektron poçt vasitəsilə vizanın rəsmiləşdiriləcəyi yer və tarix barədə məlumat verilir.