84 saylı Füzuli Seçki Dairəsindən YAP-ın deputatlığa namizədi, Milli Məclisin sədr müavini, YAP-ın İdarə Heyətinin üzvü Bahar Muradova ilə Füzuli rayonunun İmişli və Beyləqan rayonunda məskunlaşmış seçicilərilə görüş keçirilib.
Azərbaycan Respublikasının Dövlət Himninin başlanmasilə açılan tədbirdə YAP Füzuli rayon təşkilatının sədri, deputatlığa namizədin səlahiyyətli nümayəndəsi Almaz Həşimova Bahar Muradovanın həyat və fəaliyyəti haqqında görüş iştirakçılarına geniş məlumat verib.Görüşdə rayon sakinləri çıxış edərək ölkə rəhbərliyinin apardığı daxili və xarici siyasəti dəstəklədiklərini və məhz buna görə də YAP-ın namizədlərinə səs verəcəklərini bildiriblər. Çıxış edənlər deputatlığa namizədin dövlət qarşısındakı xidmətlərini və YAP-nın ideyalarının ardıcıl olaraq həyata keçirilməsində göstərdiyi fəaliyyətini bəyəndiklərini ifadə edərək ona bu siyasi kampaniyada uğurlar arzulayıblar.
YAP-ın deputatlığa namizədi Bahar Muradova çıxış edərək seçicilərinə belə səmimi və xoş sözlərə görə minnətdarlığını bildirib. Bahar Muradova yeniləşən Azərbaycan modelinin uğurlu siyasəti, vaxtilə bizi çətinliklərdən qurtaran, xalqın mənafeyini hər zaman üstün tutan Ulu Öndər Heydər Əliyevin adilə bağlı olduğunu qeyd edib. Bu gün bu siyasəti yorulmadan, əzmlə və böyük siyasi bacarıqla davam etdirən YAP-ın Sədri, ölkə başcısı Cənab Prezident İlham Əliyevin dünyada xüsusi nüfuza malik olduğunu qeyd edən Bahar xanım, hər zaman olduğu kimi bu dəfə də seçicilərini ölkəni çiçəklənməyə və inkişafa doğru aparan YAP-ın namizədlərinə səs verməyə və növbəti 5 il üçün də Ulu Öndərin izi ilə Cənab Prezidentin siyasətinə sadiq qalmaqla birgə addımlamağa dəvət edib.
Tədbirdən sonra Bahar Muradova seçiciləri qəbul edərək, onların təkliflərini dinləyib, suallarını cavablandırıb.
Sonda Bahar Muradova tədbir iştirakçıları ilə xatirə şəkli çəkdirib.