"Təklifimizi rəsmi Bakıya təqdim etdik. Sülh müqaviləsinin son variantında 17 maddə var ki, onlardan 13-ü, o cümlədən müqavilənin ön sözü razılaşdırılıb. Maddələrin əksəriyyətinin mətnləri razılaşdırılıb. Bizim təklifimiz bütün razılaşdırılmış maddələri götürərək, bu əsasda sülh müqaviləsini imzalamaqdır. Bunu zəruri hesab edirik, çünki bu maddələrdə müqavilənin bütün əsas prinsipləri razılaşdırılıb. İmzalamaq və ratifikasiya etmək, qalan məsələləri isə razılaşdırmağa davam etmək lazımdır".
Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanda keçirdiyi mətbuat konfransında bir çox sualları cavablayıb. Hər halda görüntü belə idi: təbii ki, sualların tam əksəriyyəti əvvəlcədən Paşinyan administrasiyasında hazırlanmış, razılaşdırılmış və jurnalistlərə paylanmışdı.
Şou primitiv və bir qədər bayağı-darıxdırıcı olsa da, Ermənistandakı mövcud hakimiyyətin siyasi anatomiyasını, ələlxüsus da yaxın gələcəkdə rəsmi İrəvanın hansı addımlar ataraq qərarlar verəcəyi baxımından maraqlı idi.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev Ermənistan rəhbərliyini qeyri-səmimilikdə, siyasi saxtakarlıqda və sülh müqaviləsinin imzalanmasına yönəlmiş prosesdə süni əngəllər yaratmaqda çox haqlı olaraq ittiham edib.
"Ermənistan qəsdən vaxt uzadır, Fransadan, digər Qərb ölkələrindən və başqa tərəflərdən yeni silahlar alır, öz ərazisində üçüncü tərəflərlə hərbi təlimlər keçirir. Ermənistan Konstitusiyasında Azərbaycana qarşı olan ərazi iddiaları aradan qaldırılmalıdır və Konstitusiya dəyişdirilməlidir. Artıq keçmişin qalığı olan ATƏT-in Minsk qrupu və onunla əlaqədar olan təsisatlar tamamilə ləğv edilməlidir", - Azərbaycanın dövlət başçısı bəyan etmişdi.
Nikol Paşinyan öz aləmində cavab verməyə çalışıb.
"Azərbaycan tərəfi atışmalar haqqında danışarkən, Ermənistan tərəfi isə onların olmadığını iddia edəndə, ən yaxşı həll bu vəziyyəti monitorinq etmək üçün bir layihə yaratmaq olardı. Minsk qrupunun ləğvinə gəldikdə isə, biz bunun sülh müqaviləsi çərçivəsində mümkün olduğunu düşünürük, amma məsələ ondadır ki, bunu indi müzakirə etmək lazımdırmı? Azərbaycan bu məsələni elə bir şəkildə istifadə edir ki, Ermənistan Minsk Qrupunun ləğvinə dərhal razılaşmazsa, bu, ərazi iddiaları kimi qiymətləndirilir. Bizim belə iddialarımız yoxdur.
Bundan əlavə, onlar Ermənistan Konstitusiyasında ərazi iddialarının olduğunu iddia edirlər. Biz bununla razı deyilik. Onlar Konstitusiyanın preambulasında müstəqillik bəyannaməsinə istinad olduğunu deyirlər, burada isə "Dağlıq Qarabağdan" bəhs edilir. Məsələn, Bəyannamədə silahlı qüvvələrin Ali Sovetin rəhbərliyi altında yaradılacağını bildirən 5-ci maddə var. Amma 1995-ci ildə Konstitusiya qəbul edildikdə, ordu və DİN dərhal Respublika Prezidentinə tabe oldu ki, bu da Bəyannamənin mətninin Konstitusiyaya sözbəsöz köçürülmədiyini göstərir: Konstitusiyada yazılanlar məhz ona aiddir, yazılmayanlar isə Konstitusiyaya aid deyil. "Dağlıq Qarabağ" xalqı heç vaxt Ermənistan Respublikasında keçirilən seçkilərdə iştirak etməyib.
İndi gəlin Azərbaycanın Konstitusiyasına nəzər salaq. Orada 1991-ci il müstəqillik aktına və 1918-ci il Azərbaycan Müstəqillik Bəyannaməsinə istinad var, burada Azərbaycan özünü Cənub-Qərbi Zaqafqaziya, Tavuş, Gədəbəy və Ararat vilayətlərini əhatə edən Azərbaycanın hüquqi varisi kimi təqdim edir. Bizim Konstitusiyamızla müqayisədə, Azərbaycanın Konstitusiyasında Ermənistana qarşı ərazi iddiaları var. Biz bu məsələni qaldırmırıq, çünki sülh müqaviləsində razılaşdırılmış maddələrdə artıq qeyd olunub ki, tərəflərdən heç biri öz daxili qanunvericilik aktlarına istinad edə bilməz".
Ermənistanda Konstitusiya islahatları ilə bağlı keçiriləcək referendumun 2027-ci ilə qədər təxirə salınması, ölkənin siyasi gündəminin ən vacib məsələlərindən biridir. Bu qərarın arxasında duran səbəblər və onun regiondakı sülh prosesinə təsirləri ətraflı təhlil edilməlidir.
N.Paşinyan hökumətinin əvvəlcə 2026-cı ildə keçirilməsi planlaşdırılan Konstitusiya islahatlarının 2027-ci ilə qədər uzadılması Ermənistanın Azərbaycanın sülh təkliflərindən qaçmaq siyasətinin tərkib hissəsi kimi görünür. Ermənistanın bu addımı N.Paşinyanın beynəlxalq arenada zaman qazanmağa çalışdığını və daxili siyasi dinamikadan istifadə edərək Ermənistanın ərazi iddialarını davam etdirmək niyyətində olduğunu göstərir. Halbuki Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə bəyan edib ki, Ermənistanın Konstitusiyasından Azərbaycana qarşı olan ərazi iddialarının çıxarılması, uzunmüddətli sülhün təmin olunmasının əsas şərtidir.
Ermənistanın sülh prosesini məqsədyönlü şəkildə yubadır və regionda qeyri-sabitliyin davam etməsinə şərait yaradır. Əks halda Ermənistanın daxili siyasi vəziyyətini nəzərə alaraq, Paşinyan hökuməti Konstitusiya dəyişikliyini daha sürətli bir şəkildə həyata keçirə bilərdi. Bunun üçün üç il kimi uzun bir müddətə ehtiyac yoxdur. Bu vəziyyət, Ermənistanın daxili və xarici siyasətinin ziddiyyətlərini ortaya qoyur.
Bununla belə, Ermənistanın sülh müqaviləsində maraqlı olmaması, bölgədə yeni eskalasiyalara gətirib çıxara bilər. Azərbaycanın dəfələrlə vurğuladığı kimi, Ermənistanın uzaqmənzilli raketlər və digər hərbi texnika əldə etməsi, bölgədəki hərbi balansı dəyişdirə bilər və bu, növbəti hərbi toqquşmaların başlanğıcını qoyar. Bu baxımdan Paşinyan hökuməti ya reallığı qəbul edərək Konstitusiya dəyişikliklərini sürətləndirəcək, ya da Ermənistanı daha da uçuruma sürükləyəcək bir strategiya seçəcək.
Ermənistan hökumətinin növbəti addımları onun səmimiyyətini ortaya qoyacaq. Əgər Paşinyan hökuməti həqiqətən də Ermənistan cəmiyyətində islahatların həyata keçirilməsinə dair müqavimətin mövcud olduğunu iddia edirsə, bu, sadəcə bir bəhanədir. Əksinə, bu, Paşinyanın ölkədaxili siyasi təzyiqləri neytrallaşdırmaq və bölgədə sülh prosesini ləngitmək cəhdi kimi qiymətləndirilə bilər.
Azərbaycan üçün isə əsas məqsəd Ermənistanı Konstitusiya islahatlarına məcbur etməkdir, çünki bu, regionda uzunmüddətli və davamlı sülhün təmin olunması üçün vacibdir. Ermənistan hökumətinin atacağı növbəti addımlar Nikol Paşinyanın bu məsələdə nə qədər səmimi olduğunu və ya onun sadəcə vaxt qazanmaq niyyəti güddüyünü müəyyən edəcək.
Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının yer alması, iki ölkə arasında imzalanacaq hər hansı bir sülh sazişinin dayanıqlılığına ciddi təhdid təşkil edir. Bu, xüsusilə də Ermənistan hakimiyyətinin və revanşist qrupların istənilən an bu sazişi pozmaq niyyətində olduğunu göstərir. Konstitusiya dəyişiklikləri olmadan imzalanacaq sülh sazişi, Ermənistanın milli hüquqi çərçivəsinə uyğun gəlmədiyi üçün hüquqi cəhətdən boşluqlarla dolu olacaq və gələcəkdə ciddi problemlərə səbəb ola bilər.
Ermənistan Konstitusiyasında yer alan bu ərazi iddiaları bir neçə beynəlxalq sənədlərə, qanunlara və beynəlxalq hüququn əsas prinsiplərinə ziddir. İlk növbədə Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələri (822, 853, 874 və 884 saylı qətnamələr) xatırlatmaq lazımdır. Bu qətnamələrdə Azərbaycanın ərazi bütövlüyü təsdiq edilmiş və Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxması tələb edilmişdi. Ermənistan Konstitusiyasının bu qətnamələrə zidd olması, onun beynəlxalq hüququn əsas norma və prinsiplərinə uyğun gəlmədiyini göstərir.
Bundan əlavə, Ermənistan Konstitusiyasında ərazi iddialarının yer alması Helsinki Yekun Aktında (1975) təsbit olunmuş ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərinə ziddir. Helsinki Yekun Aktı, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) üzv dövlətləri arasında sərhədlərin toxunulmazlığı və ərazi bütövlüyünün qorunması prinsiplərini təmin edir. Ermənistanın bu prinsipə zidd davranması, beynəlxalq arenada onun mövqeyini zəiflədir və hüquqi olaraq Azərbaycanın haqlı mövqeyini gücləndirir.
Ermənistanın bu ərazi iddiaları, həmçinin BMT Nizamnaməsinin 2-ci maddəsində qeyd olunan "dövlətlərin suveren bərabərliyi" və "ərazi bütövlüyü" prinsipinə də ziddir. Bu prinsiplər hər bir dövlətin öz ərazisində tam suverenliyə malik olduğunu və başqa bir dövlətin ərazisinə iddia etməsinin qanunsuz olduğunu təsbit edir. Ermənistanın Konstitusiyasında Azərbaycanın ərazilərinə dair iddiaların yer alması bu beynəlxalq prinsiplərin kobud şəkildə pozulması deməkdir.
Bütün bu amillər nəzərə alındıqda Ermənistanın Konstitusiyasında dəyişikliklər edilmədən Azərbaycanla imzalanacaq sülh sazişinin hər an pozula biləcəyi aydındır. Belə bir vəziyyət, bölgədə davamlı sülhün əldə olunmasını çətinləşdirir və gələcəkdə yeni münaqişələrin yaranmasına zəmin yaradır. Ermənistanın beynəlxalq hüququn əsas prinsiplərinə uyğun davranması, sülh prosesinin uğurla başa çatması üçün vacibdir. Sülh sazişinin dayanıqlılığı və Ermənistanın beynəlxalq hüquqla uyğunsuzluqlarının aradan qaldırılması üçün Konstitusiyasında zəruri dəyişikliklər etməsi şərtdir.
trend.az