Son zamanlar Ukraynada bəzi ağılsız və düşüncəsiz şəxslər Azərbayan-Ukrayna əlaqələrinə zərbə vurmağa çalışırlar, SOCAR-la bağlı boykot çağırışları da oldu. Yaxşı ki, Ukraynanın ağıllı və müdrik ictimai fikir liderləri bu kampaniyanın böyüməsinə imkan vermədilər, amma cəhdlər davam edəcək.
QAZÌLER.AZ Axar.az-a istinaden xəbər verir ki. bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli qeyd edib.
O bildirib ki, əsas etiraz doğuran, hətta sadə, səmimi ukraynalıların beynini qarışdıran məsələ SOCAR-ın “Qazprom”la bağladığı müqavilələrdir:
“Ukraynada bəziləri, əsasən də Ermənistanla yaxınlığı ilə seçilənlər bunu “xəyanət” kimi təqdim etməyə, ictimai fikri çaşdırmağa çalışdılar. Həqiqət budur ki, Azərbaycandan daha çox qaz istəyən Ukraynaya böyük dəstək verən Avropadır. AB ölkələri və strukturları Azərbaycandan 2027-ci ildə 20-21 milyard kub/m qaz almaq istəyirlər – bizim o qədər qaz ehtiyatımız yoxdur, AB də bunu gözəl bilir, bizim hələ Gürcüstan və Türkiyə qarşısında da ümumən 6-8 milyard kub/m arası illik qaz satmaq öhdəliyimiz var. Ona görə də əlavə mənbələrə ehtiyac yaranıb, Türkmənistan-İran-Azərbaycan revers müqaviləsi var, indi də Rusiyadan əlavə daxili ehtiyaclarımız üçün qaz alıb, sərbəst qalan öz qazımızı da AB-ya satmaq istəyirik. Bunun nəyi pisdir ki?! Birincisi, qaz Rusiyaya qarşı sanksiyalara salınmayıb, ikinci də, dediyim kimi, AB ölkələri və qurumları özləri bunda maraqlıdırlar.
Azərbaycanın Rusiyadan çox ucuz qaz alıb öz ehtiyacını ödəyib, AB-ya daha çox qaz satması elə Ukraynanın da marağındadır. Rəsmi Kiyev yaxşı bilir ki, qaz AB üçün həssas məsələdir – 2,5 ildir Rusiya Ukraynaya təcavüz edib, işğal edir, bombalayır, dinc əhalini qırır, amma Ukrayna ərazisindən boru ilə Rusiya qazı kəsintisiz olaraq Avropaya nəql edilir, yəni, Ukrayna öz ərazisindən keçən “Qazprom” qazına etiraz edə bilmirsə, şərait yaradırsa, SOCAR-la Rusiyanın qaz anlaşmasına niyə etiraz etməlidir ki?!
Rusiya zəifləyir-zəifləyəcək, qonşulara möhtaclığı artır-artacaq, əgər Azərbaycan qardaş Türkiyə ilə hərbi-strateji ittifaq qurub Şuşa Bəyannaməsinə görə ərazi bütövlüyümüzün birgə qorunmasını NATO dövləti olan Türkiyə ilə artıq təmin edibsə, nədən zəifləyən Rusiyadan istifadə etməyək?! Azərbaycan-Türkiyə hərbi müttəfiqliyindən sonra bizim üçün indi Rusiya “ayı” deyil, sağmal “inəkdir” – zatən hamı “südündən-qatığından-yağından” ucuz qiymətə bəhrələnir, Çin, Hindistan, Türkiyə, Ermənistan, hətta dolayı yolla Qərb də “inək sağmaqla” məşğuldular, biz nədən kənarda qalaq ki?!”