Almaniyada azərbaycanlıların kütləvi aksiyası

Almaniyada azərbaycanlıların kütləvi aksiyası backend

“Xocalıya ədalət“ kampaniyası çərçivəsində Almaniyanın Bielefeld şəhərində kütləvi yürüş-mitinq keçirilib.

Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Xocalı soyqırımının 23-cü ildönümünə həsr olunmuş aksiyada Almaniyanın Bielefeld, Hannover, Hamburq və digər şəhərlərində yaşayan 400-dən çox soydaşımız, Türkiyə icmasının, yerli ictimaiyyətin nümayəndələri, iş adamları, ictimai-siyasi xadimlər iştirak edib.

Almaniyanın Nordrayn-Vestfaliya federal əyalətində fəaliyyət göstərən Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətinin təşkilatçılığı və Türkiyə Gənclər Birliyinin (TGB) dəstəyi ilə keçirilən yürüş-mitinq Bielefeld şəhərinin mərkəzi meydanından başlayıb. Mitinqdə Azərbaycan və alman dillərində Xocalı soyqırımı haqqında məlumat verilib. Aksiyada çıxış edənlər Almaniya hökumətini bu faciəni soyqırım kimi tanımağa çağırıblar. Mitinqin sonunda Azərbaycan-Alman Dostluq Cəmiyyətinin qəbul etdiyi Bəyannamə oxunub.

Çoxlu sayda Azərbaycan və Türkiyə bayraqlarının dalğalandığı yürüş zamanı şəhər sakinlərinə soyqırıma dair kitab, jurnal və broşürlər paylanıb. Əllərində Xocalı dəhşətlərini əks etdirən fotoşəkillər, plakat və şüarlar tutan aksiya iştirakçıları Azərbaycan və alman dillərində "Qarabağa azadlıq!", "Xocalıya ədalət!”, “Ermənistan qəsbkarları Azərbaycan ərazisindən rədd olsun!” kimi şüarlar səsləndiriblər.
Diaspora