ABŞ-da Xocalı soyqırımını tanıtım aksiyası davam edir

ABŞ-da Xocalı soyqırımını tanıtım aksiyası davam edir backend

Azərbaycan Amerika Alyansının təsisçisi Anar Məmmədovun təşəbbüsü ilə artıq dördüncü ildir ki, ABŞ-da keçirilən Xocalı soyqırımını tanıtım aksiyası davam edir.

APA-nın məlumatına görə, fevralın 17-də Nyu-Yorkdan başlanan multimedia kampaniyasının davamı olaraq Nyu-York metrosunda üzərində Xocalı soyqırımı haqqında məlumatların əks olunduğu plakatlar bərkidilib. Nyu-York metrosu hərəkətin sıxlığına və metro stansiyalarının çoxluğuna görə dünyada birinci yeri tutur. Xocalı haqqında məlumatların məhz belə metro şəbəkəsində quraşdırılması daha çox insanın soyqırımdan xəbər tutması ilə nəticələnir.

ABŞ-ın paytaxtı Vaşinqton şəhərində davam etdirilən aksiya Vaşinqton metrosu ilə başlayıb. Vaşinqtonun ən mərkəzi metro stansiyası olan “Metro Center” başdan-başa “Xocalı... Azərbaycana qarşı bəşər faciəsi”, “Xocalıya ədalət” başlığı altında posterlərlə əhatələnib.

Hər gün təxminən 50 min sərnişinin keçdiyi bu metro stansiyasında posterlər 3 həftə ərzində yerli sakinləri və turistləri soyqırımın həcmindən xəbərdar edəcək.

Bu vaxt ərzində posterləri görən insanların sayı 1 milyonu keçəcək. “Metro Center”-lə yanaşı, Vaşinqton metrosunun digər stansiyalarında Xocalı soyqırımından bəhs edən posterlər bərkidilib.

ABŞ prezidentinin iqamətgahından tutmuş Federal hakimiyyətin hər üç budağının əsas təmsilçiliklərinə, diplomatik nümayəndəliklər və beynəlxalq təşkilatların baş ofisinə qədər bütün strateji obyektlərin yerləşdiyi Vaşinqtonda Xocalı soyqırımının tanıdılması, əsl həqiqətin işıqlandırılması Alyansın bu kampaniyada qarşısına qoyduğu əsas hədəflərdən biridir.




Diaspora