Prezident İlham Əliyev Şuşada keçirilən II Qlobal Media Forumunda iştirak edən beynəlxalq informasiya agentliklərin nümayəndələrinin suallarına verdiyi cavablarda Azərbaycanın regional və qlobal siyasətə baxışlarını çox açıq şəkildə ifadə etdi.
QAZÌLER.AZ APA-ya istinaden verdiyi melumata gõre, bunu Milli Məclisin deputatı Azər Badamov bildirib.
Deputat deyib ki, 3 saatdan çox çəkən görüşdə bütün iştirakçıların düşündükləri məsələləri gündəmə gətirilməsinə və dünya səviyyəli lider İlham Əliyevin diplomatik və obyektiv fikirlərini eşitməyinə imkanı oldu: “Dövlət başçımıza ünvanlanan suallar dünya nizamında baş verən proseslər, bu proseslərə təsir edəcək amillər, Cənubi Qafqazda baş verən tarixi-geosiyasi dəyişikliklər, ənənəvi ittifaqların zəiflənməsi və yeni əməkdaşlıq formatların əmələ gəlməsi, dezinformasiyanın məqsədləri və yaratdığı fəsadlar, süni intellektdən istifadə olunmaqla dezinformasiyanın yarada biləcəyi təhlükələr, regionda sülhün yaranmasında Azərbaycanın baxışları, Qərbi azərbaycanlıların qayıdışı, ölkəmizdəki tolerantlığın sirri, torpaqlarımızın işğaldan azad olunmasının ləyaqət məsələsi olması, neft və qaz istehsal etdiyimizə görə ünvanımıza səsləndirilən əsassız ittihamlar, Türk Dövlətləri Təşkilatının Afrika İttifaqı ilə əməkdaşlığın perspektivləri, COP 29-un keçirilməsinin iqlim dəyişikliklərə qarşı verə biləcəyi töhfələri və digər mövzuları əhatə etdi. Gündəmə gətirilən mövzularda qlobal və regional əməkdaşlığının genişləndirilməsi, sülhün meydana gəlməsi ilə bağlı dəyərli fikirlər səsləndirildi”.
Azər Badamov qeyd edib ki, dövlət başçımız Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanması üçün gündəlikdə dayanan məsələlərin 80-90%-nin razılaşdırıldığını və xüsusilə iki vacib məsələni həll olunandan sonra sülh müqaviləsinin imzalana biləcəyini auditoriyanın diqqətinə çatdırıb: “Birinci məsələ Ermənistan konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarının çıxarılmasıdır. Dövlət başçımız xüsusilə vurğulayaraq qeyd etdi ki, sülhlə bağlı gələcək təhlükələr birdəfəlik aradan qalxmalıdır. İkinci məsələ isə Azərbaycanla Ermənistanın bir yerdə Minsk qrupunun ləğv olunması ilə bağlı ATƏT-ə müraciət olunmasıdır. Bu gün ATƏT-in Minsk Qrupunun görməli olan bütün məsələlər həll olunub. Bu baxımdan Minsk Qrupun mövcudluğu Azərbaycanla Ermənistan arasında sülh üçün böyük təhlükədir. Bu iki məsələ öz həllini taparsa Azərbaycanla Ermənistan arasında sülh və əməkdaşlığın formalaşması üçün hər hansı bir mane qalmayacaq”.
Deputat vurğulayıb ki, ümumiyyətlə II Qlobal Media Forumunun bu gün dezinformasiyanın yaratdığı fəsadları ictimailəşdirməyə və ikili standartlara xidmət edən informasiyaların yayılmasının yolverilməzliyini dünya ictimaiyyətinə çatdırılmasında xüsusi rolu olacaq: “O cümlədən Qlobal Media Forumları ölkəmizin ədalətli haqq səsini dünya ictimaiyyətinə çatdırılması baxımından çox əhəmiyyətlidir. Dövlət başçımızın aparıcı media qurumlarının nümayəndələri ilə keçirdiyi görüşün dünya mediasında geniş işıqlandırılması bu forumun qlobal əhəmiyyətli olduğunun göstəricisidir”.