"Azərbaycan İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarını tam şəkildə icra edir". "Report" xeber verir ki, bunu Azərbaycanın Avropa İnsan Hüqüqları Məhkəməsindəki nümayəndəsi Çingiz Əsgərov Avropa Şurası Nazirlər Komitəsinin Azərbaycanın bəzi məhkəmə qərarlarını tam şəkildə yerinə yetirməməsinə dair qətnamələrini şərh edərkən bildirib.
Ç.Əsgərov deyib ki, Avropa Məhkəməsinin Azərbaycanla bağlı qərarlarının icra olunması sahəsində heç bir problem yoxdu və bununla bağlı ölkənin siyasi iradəsi var: "Avropa Məhkəməsinin qərarlarını icra edirik və bu, ölkənin siyasi mövqeyidi". Onun fikrincə, Avropa Şurası Nazirlər Komitəsinin Azərbaycanla bağlı qətnamələri hüqüqdan uzaq mövqedir.Avropa Məhkəməsidə Azərbaycanla bağlı hazırda kommunikasiyada olan işlərə gəlincə Ç.Əsgərov bildirib ki, xeyli sayda belə işlər var və rəqəm sabit olaraq qalır. "Deməzdim ki, kommunikasiyada olan işlərin sayı artıb və ya azalıb".
Ç.Əsgərovun sözlərinə görə, bu yaxınlarda Avropa Məhkəməsinin sədrinə ünvanladığı məktubda Azərbaycanın mövqeyini çatdırıb: "Sırf Avropa Məhkəməsində şikayətlərə baxılması, Avropa Məhkəməsi tərəfindən müəyyən ərizələrə prioritet verilməsi ilə bağlı bizim iradlar var və bu iradlar onlara bildirilib. Hesab edirəm ki, bizim mövqeyimiz düzgündür."