"Axı ötən ilin payızında Qarabağda məskunlaşmış erməni sakinlər könüllü şəkildə ərazini tərk edib, bunu özləri də, Ermənistanın Baş naziri də dəfələrlə bəyan edib".
Qaziler.az xəbər verir ki, bu fikirlər Qarabağ qaziləri İctimai Birliyinin sədri Asəf Əliyevə məxsusdur. O, ABŞ Nümayəndələr Palatasının erməni əsilli üzvü Ana Eşu (demokrat, Kaliforniya) və ermənipərəst üzvü Kristofer Smitin həmmüəllifliyi ilə Azərbaycana qarşı “Dağlıq Qarabağın erməni əhalisinə qarşı etnik təmizləmə kampaniyası həyata keçirdiyi üçün Azərbaycanın qınanması” adlı irəli sürdüyü qərəzli qətnamə layihəsini şərh edib.
"Axı ötən ilin payızında Qarabağda məskunlaşmış erməni sakinlər könüllü şəkildə ərazini tərk edib, bunu özləri də, Ermənistanın Baş naziri də dəfələrlə bəyan edib. Burada heç bir etnik təmizləmədən söhbət gedə bilməz.
30 ilə yaxın müddətdə 1 milyona yaxın azərbaycanlının öz doğma yurd yerlərindən qaçqın və məcburi köçkün vəziyyətinə salınmasına, Xocalı soyqırımına, Qaradağlıda, Ağdabanda, Başlıbeldə, Bağanis-Ayrımda, Ballıqayada, Tuğda etnik təmizləmələrə, 2020-ci ilin oktyabrında Gəncənin, Bərdənin raket hücumlarına məruz qalmasına, dinc insanların ölməsinə susan ABŞ Nümayəndələr Palatası, “Freedom House”, “Soros Fondu” kimi qurumlar heç bir əsasa söykənmədən Azərbaycanı ermənilərə qarşı etnik təmizləmə aparmaqda ittiham edir, ölkəmizi “Beynəlxalq Cinayət Məhkəməsi” ilə hədələyir.
Azad edilmiş ərazilərdə dağıntı və talançılığa ABŞ Nümayəndələr Palatası illərlə susub, bu gün də keçmiş köçkünlərin problemləri, ərazinin 1.5 milyondan çox mina və PHS ilə çirkləndirilməsi ABŞ-ın bu cür təsisatlarını qayğılandırmır.
Bu iftira dolu qətnamə layihələri ABŞ-nin Azərbaycandakı nüfuzuna ağır zərbədir".
QAZİLER.AZ