Üçüncü Dünya müharibəsinin baş verməsi ilə bağlı bir çox risk, həm də əksinə, olmaması üçün ümidlər var.
QAZÌLER.AZ Axar.az-a istinaden xəbər verir ki, bu sözləri Hakan Fidanın müsahibəsində Üçüncü Dünya müharibəsi riski ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirən terror və təhlükəsizlik üzrə ekspert Abdullah Ağar deyib.
Ekspert indiki hadisələrin əsrin əvvəlində başlayan prosesin davamı olduğunu bildirib:
“ABŞ Əfqanıstan və İraqı işğalla başlayan geosiyasi yanaşmanı Böyük Orta Şərq layihəsi və “Ərəb baharı” ilə davam etdirdi. Buna Rusiya Ukrayna müharibəsinə başlamaqla cavab verdi. Bu rəqabətçi mərhələ gərginliyi artırdı. Yəni tərəflərdən biri məğlubiyyəti qəbul etmədiyi üçün proses hələ də bitməyib. Məğlubiyyəti boynuna götürməyən və döyüşmək iradəsi göstərən tərəflərin olduğu yerdə gərginliyin artması, daha kəskin fazaya daxil olması başadüşüləndir. Bu baxımdan Ukrayna müharibəsi həm də proksilərlə aparılan müharibədir. Arxasınca isə Qəzzada müharibə başladı. Qəzzadakı müharibənin kökündə teosiyasətin dayanması isə təhlükənin miqyasını daha da genişləndirir. Əvvəllər öldürülən hər əsgərin qisasını alan İsrail indi teosiyasi məqsədlərə çatmaq üçün buna əhəmiyyət vermir”.
Ağar Üçüncü Dünya müharibəsi başlayacağı təqdirdə onun sərhəd və qaydalarının olmayacağını, bəşəriyyətin məhvi ilə nəticələnə biləcəyini qeyd edib:
“Sadaladığımız səbəblər müharibənin fərqli sahə, təbəqə və formalara doğru meyil etməsinə gətirib çıxarır. Ancaq bütün tərəflər qlobal müharibənin Yer kürəsini, burada iştirak edəcək hər kəsi məhv edə biləcəyini yaxşı dərk edir. Bu da onları dayandıran əsas faktordur. Hazırda böyük güclər arasında siyasi, iqtisadi, hərbi, geosiyasi gərginliyin olduğu və ehtirasların qabardığı danılmaz faktdır. Buraya teosiyasi doqmalar da daxil edilib. Fikrimcə, tərəflərin teosiyasi doqmalar ilə öz əməllərinə haqq qazandırması qeyd etdiklərimiz arasında ən təhlükəli amillərdəndir”.
Xatırladaq ki, Hakan Fidan bir neçə gün öncə “Habertürk” kanalına müsahibəsində Üçüncü Dünya müharibəsi təhlükəsinddən bəhs edib. Türkiyə Müdafiə Nazirliyinin mənbələri isə buna münasibət bildirərək heç kimin müharibə istəmədiyini, lakin bütün ssenarilərə hazır olduqlarını qeyd edib.