İki ölkənin hökumətləri arasında Birgə Komissiyanın 3-cü iclası keçirildi

İki ölkənin hökumətləri arasında Birgə Komissiyanın 3-cü iclası keçirildi backend

Monteneqronun paytaxtı Podqoritsa şəhərində Monteneqro-Azərbaycan biznes forumu və iki ölkənin hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib.

Qaziler.az xəbər verir ki, hər iki tədbirdə iştirak etmək üçün Komissiyanın Azərbaycan tərəfindən həmsədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin başçılıq etdiyi nümayəndə heyəti Monteneqroda səfərdədir. Nümayəndə heyəti Podqoritsadakı “Kral parkı”nda böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin büstünü ziyarət edib, önünə gül dəstələri  düzüblər.

S.Babayev və Birgə Komissiyanın Monteneqro tərəfindən həmsədri, Monteneqronun Baş nazirinin iqtisadi siyasət üzrə müavini və həmin ölkənin iqtisadi inkişaf naziri Nik Qjeloşaj Komissiyanın 3-cü iclası çərçivəsində keçirilən Monteneqro-Azərbaycan biznes forumunun açılış mərasimində iştirak ediblər.

Tədbirdə çıxış edən S.Babayev Azərbaycan və Monteneqro arasında əlaqələrin dostluq və əməkdaşlıq ruhunda daim inkişaf etməkdə olduğunu, yüksək səviyyəli qarşılıqlı səfərlərin, davamlı siyasi dialoqun əlaqələrimizin gələcək inkişafı üçün mühüm önəmini qeyd edib. İki ölkənin ticarət dövriyyəsinin də artmaqda olduğu, ötən il bu artımın 54,32 faiz təşkil etdiyi diqqətə çatdırılıb.

Keçirilən belə biznes forumların ölkələrimizin işgüzar dairələri arasında əlaqələrin qurulması və genişlənməsində əhəmiyyəti vurğulanıb. Qeyd edilib ki, artıq Bakı və Podqoritsada 4 biznes forum və işgüzar görüş keçirilib.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) və Monteneqronun İqtisadiyyat Palatası tərəfindən təşkil edilən bugünkü biznes forumda da Azərbaycandan 10-dək, Monteneqrodan 5 şirkət iştirak edir.  

N.Qjeloşaj çıxış edərək ölkəsi ilə Azərbaycanın əlaqələrinin yüksələn xətlə inkişaf etdiyini,  bu istiqamətdə məqsədyönlü işlərin aparıldığını, hazırki biznes forumun da müsbət nəticələr verəcəyinə əminliyini ifadə edib.

Birgə Komissiyanın iclasında Komissiyanın həmsədrləri ölkələrimiz arasında yüksək səviyyədə münasibətlərin mövcud olduğunu vurğulayıb, əlaqələrimizin getdikcə daha da dərinləşməsi üçün qarşılıqlı səylərin uğurla davam etdirilməsindən razılıq ifadə ediblər.

İclasda Azərbaycan və Monteneqro arasında gələcək əməkdaşlıq istiqamətlərinə dair fikir mübadilələri aparılıb, ticarət dövriyyəsinin daha da artırılması üçün böyük potensialın olduğu bildirilib.

İki ölkənin müxtəlif sahələrdə əməkdaşlığının gələcək perspektivləri, enerji, nəqliyyat, investisiyaların qarşılıqlı təşviqi, turizm, kənd təsərrüfatı, əmək və sosial müdafiə, mədəniyyət, təhsil və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanları nəzərdən keçirilib.

Prioritet sektorlar üzrə qarşılıqlı maraq doğuran məsələlər, habelə bərpa olunan enerji sahəsində təcrübə mübadiləsi imkanları və s. müzakirə olunub.

Daha sonra S.Babayev və N.Qjeloşaj Birgə Komissiyanın 3-cü iclasının yekunlarına dair Protokolu imzalayıblar. Sənəddə gələcək əməkdaşlıq istiqamətləri əks olunub.

Diaspora