Bu gün 8 saylı Binəqədi birinci seçki dairəsindən deputatlığa namizəd Azay Quliyev seçki kampaniyası çərçivəsində Binəqədi rayonunda yaşayan Qarabağ müharibəsi veteranları, əlilləri və şəhid ailələri ilə görüşüb.
Azay Quliyevin Seçki Qərargahının mətbuat xidmətindən QAZİLER.AZ-a verilən xəbərə görə, görüşü açan namizədin vəkili, Qarabağ qazisi Firudin Məmmədov əlverişsiz hava şəraitində mütəşəkkil qaydada A.Quliyevlə görüşə gəldikləri üçün iştirakçılara təşəkkürünü çatdırıb.Tədbirdə çıxış edən deputatlığa namizəd Azay Quliyev Qarabağ müharibəsi iştirakçıları və şəhid ailələrinin cəmiyyətimizin daim diqqət göstərilən təbəqəsi olduğunu deyib: “Siz Azərbaycanın ən dəyərli və hörmətəlayiq vətəndaşlarısınız . Dövlətimiz tərəfindən sizin sosial rifahınız yaxşılaşması və ehtiyaclarınızın qarşılanması indiyə kimi böyük işlər görülübdür. Əmin olun ki, dövlətimiz bundan sonra sizin yanınızda olacaq”.
A.Quliyev gələn ilin dövlət büdcəsində müdafiə xərclərinin yenə artırıldığını nəzərə çatdırıb: “Neftin qiyməti iki dəfə azalanda erməni mətbuatı sevincək yazırdı ki, Azərbaycan hərbi xərclərini azaldacaq. Amma, gəlirlərimizin azalmasına baxmayaraq 2016-cı ilin dövlət büdcəsində müdafiə xərcləri yenə də artırılır. Bu, Azərbaycan dövlətinin, Azərbaycan Prezidentinin işğal olunmuş torpaqlarımızla bağlı nə dərəcədə prinsipial, güzəştsiz mövqedə olduğunu göstərir. Mən əminəm ki, sabah Ali Baş Komandan torpaqlarımızın azad olunması ilə bağlı döyüş əmri verdikdə, əsgərlərimizlə bərabər sizlər yenə də ön sıralarda olacaqsınız”.
Qarabağ qazisi, ehtiyatda olan polkovnik Mehdi Mehdiyev Azay Quliyevə bu təbəqədən olan insaları xüsusi diqqətdə saxladığı üçün təşəkkür etdi. O, bildirdi ki, Binəqədidə yaşayan müharibə veteranları, əlilləri və şəhid ailələri bu diqqəti yüksək qiymətləndirirlər. Bu görüşdəki izdiham da deyilənləri təsdiq edir.
Şəhid anası Kamilə Rəhmanlı şəhid ailələri adından danışıb və Azay Quliyevə seçkidə uğurlar arzulayaraq, xeyir-dua verib. Görüşdə veterenları, əlilləri və şəhid ailələrini maraqlandıran məsələlər barədə fikir mübadiləsi aparılıb. Görüşdə çıxış edənlər 01 noyabrda hamılıqla seçkilərə gələcəklərini və əminliklə Azay Quliyevə səs verəcəklərini bildiriblər.
QAZİLER.AZ saytı görüşdə aktiv iştirak edən Qarabağ qazilərinin lideri, Qarabağ qaziləri ictimai birliyinin sədri Ehtimad Əsədovun da fikirlərini öyrənib: “Bu gün biz Qarabağ qaziləri bura fərd olaraq qatılmışıq. İstəyirik ki, uzun illərdir tanıdığımız, fəaliyyətinə yaxından bələd olduğumuz bir insan - Azay Quliyev deputat seçilsin. Azay Quliyevlə hələ 1995-ci illərdən QHT sahəsində fəaliyyətimiz zamanı tanışlığımız, dostluğumuz var. Çalışqan, bacarıqlı, vətənə, millətə bağlı bir insandır. Mən özüm də Binəqədi rayon sakiniyəm. Seçiciləri Azay Quliyevə səs verməyə çağırıam.”