İtaliyanın Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşı Azərbaycandır.
Apa xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov İtaliyanın Respublika Gününə həsr olunmuş tədbirdə deyib.
Azərbaycanlı nazir bildirib ki, iki ölkə arasında tarixi dostluq və strateji tərəfdaşlıq bütün sahələrdə ən yüksək səviyyəyə çatıb.
Nazir bu mənada qarşılıqlı səfərlərin rolunu vurğulayaraq dövlətərarası münasibətlərin yeni mərhələyə yüksəldiyini deyib.
"İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır. Ötən il iki ölkə arasında ticarət dövriyyəsi 15.6 milyard dollar təşkil edib. Avropa ölkələri arasında İtaliya Azərbaycan qazını və neftini ən çox alan ölkədir. Ötən il 11 milyon ton neft, 9.4 milyard kubmetr qaz İtaliyanın payına düşüb. İşğaldan azad olunan ərazilərin bərpasında italyan şirkətlərin səmərəli iştirakı da xüsusilə vurğulanmalıdır. Ölkələrimiz arasında əlaqələr yalnız iki ölkənin deyil, böyük coğrafiyanın maraqlarını təmsil edir. Ölkələrimizin G7-yə və COP29-a sədrliyi əməkdaşlıq üçün yeni fürsətlər açır", - nazir vurğulayıb.