Millət vəkili Qənirə Paşayeva Cəlilli kəndində seçicilərlə görüşüb. Qənirə Paşayeva ötən 10 illik deputat fəaliyyəti barədə danışaraq deyib ki, o, bu illər ərzində Tovuz və tovuzluları Milli Məclisdə layiqincə və ləyaqətlə təmsil etmək üçün var qüvvəsilə çalışıb. O, bu illər ərzində Tovuzun və tovuzluların problemlərinin həlli üçün bir deputat kimi əlindən gələni etməyə çalışdığını vurğulayıb. “Bu 10 ildə sizə vicdanla, məsuliyyətlə, layaqətlə, sizin layiq olduğunuz səviyyədə xidmət etməyə çalışdım” - deyən Qənirə Paşayeva ona göstərilən etimad çərçivəsində beynəlxalq təşkilatlarda, bir sıra ölkələrlə dostluq qrupunun üzvü, Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri kimi fəaliyyəti zamanı da seçicilərini və ölkəmizi ləyaqətlə təmsil etmək üçün bütün gücü ilə çalışdığını deyib. Qənirə Paşayeva bildirib ki, tovuzlular yenidən ona etimad göstərərlərsə, gələcəkdə də onları və bütövlükdə ölkəmizi daim layiqincə və ləyaqətlə təmsil etmək üçün əlindən gələni etməyə çalışacaq və yenidən namizədliyini irəli sürməsində də məqsədi budur.
“Bütün fəaliyyətim boyu Sizi özümdən əvvəl düşündüm və sizin etimadınızı bir an belə olsa itirməmək üçün çalışdım” - deyən millət vəkili vurğulayıb ki, cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında inkişaf edən ölkəmiz üçün bundan sonra da birlikdə çox çalışmalı, hər kəs əlindən gələni etməlidir. Qənirə Paşayeva 105 saylı dairəni təmsil edən millət vəkili kimi daim fəaliyyəti ilə bağlı seçiciləri qarşısında hesabat verdiyini vurğulayıb və onların qarşısında 10 illik fəaliyyəti ilə bağlı hesabat verib. Seçki platforması barədə də ətraflı məlumat verən və hər bir seçicinin 1 noyabr seçkilərində fəal olmasının və seçkilərdə iştirakının vacibliyini vurğulayan Qənirə Paşayeva seçkilərin azad və şəffaf keçiriləcəyinə əminliyini bildirib. Görüşdə iştirak edən seçicilər Qənirə Paşayevanın deputat kimi fəaliyyətindən razılıqlarını ifadə ediblər, onun 10 illik millət vəkili fəaliyyəti dövründə onların Milli Məclisdə səsi olduğunu və hər zaman kənd sakinləri ilə bağlı məsələlərə böyük həssaslıq və qayğı ilə yanaşdığını deyərək “Siz hər zaman bizim yanımızda oldunuz. Biz də səsimizlə sizin yanınızdayıq və inanırıq ki, bundan sonra da hər zaman bizim səsimiz olacaq və bizi layiqli şəkildə təmsil etməyə davam edəcəksiniz” fikirləri ilə Qənirə Paşayevaya uğurlar diləyiblər. Q.Paşayeva seçicilərə dərin təşəkkürünü bildirib və bu etimadınızı doğrultmaq üçün yorulmadan çalışacam deyib. Seçicilər görüş zamanı müəyyən məsələlərin, problemin həlli ilə bağlı fikir və təkliflərini də Qənirə Paşayeva çatdırıblar və onların həlli istiqamətində də dəstəyini əsirgəməyəcəyinə inandıqlarını bildiriblər.Millət vəkili Qənirə Paşayeva 2 gün öncə büdcə müzakirələri zamanı Cəlillidə “Təzə məhlə” adlanan ərazilərdə yaşayan sakinlərin evlərinin təbii qazla təmin edilməsi məsələsini təkrar Milli Məclisdə qaldırdığını və hökumətdən onun həlli istiqamətdə xahiş etdiyini, bu mövzunu “Azəriqaz” rəhbəri Əkbər Hacıyev ilə dəfələrlə müzakirə etdiyini və kömək etməyi xahiş etdiyini deyib və məsələnin yaxın zamanlarda həllini tapacağına inandığını bildirib. Kənddə yeni məktəb binasının tikilməsi, qaz, elektrik və su təminatında görülən işlərin Cəlillinin inkişafına öz müsbət töhfəsini verdiyini deyən millət vəkili Qənirə Paşayeva su ilə bağlı kəndin bəzi hissələrində həllini gözləyən problemlərin həlli istiqamətində “Azərsu” və Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə bir millət vəkili olaraq müraciət edərək kömək göstərilməsini xahiş etdiyini bildirib. Eyni zamanda kənd bağçası ilə bağlı icma layihəsi ilə məsələnin yaxın zamanlarda həlli üçün müvafiq qurumlarla müzakirə apardığını deyən Qənirə Paşayevanın onların bu məsələnin yaxın zamanlarda həlli üçün söz verdiklərini deyib. Millət vəkili Q.Paşayeva Cəlillidə sakinlərlə görüş zamanı ona müraciət edən xəstələrin yüksək səviyyəli müalicə almaları və əməliyyat olunmaları üçün Səhiyyə Nazirliyi ilə əlaqə saxlayaraq Bakıda və ya Rayon Mərkəzi Xəstəxanasında yerləşdirilməsini təşkil edib. Millət vəkili Qənirə Paşayeva həmçinin həmin kəndlərdə fiziki imkanları məhdud insanlarla da görüşüb, onların qayğıları ilə maraqlanıb və bu istiqamətdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciətlər edib.
Seçicilər millət vəkili ilə görüşdə ünvanlı sosial yardıma ehtiyac olan insanların daha çox olduğunu bildirərək ona müraciət ediblər və o da bununla bağlı rayonda bu sahəyə cavabdeh qurumla həmin müraciətlərə qısa zamanda baxılmasına dair müzakirələr aparıb. Bir sıra seçicilər məhkəmələrlə bağlı, aliment ala bilməmələri ilə bağlı da Q. Paşayevaya müraciətlər ediblər. Sakinlər özəlliklə işyerlərinin artmasına xidmət edən layihələrə böyük ehtiyac olduğunu xüsusi vurğulayıblar.
Millət vəkili kənd sakinləri ilə görüşdən sonra bir sıra vətəndaşları tək-tək də dinləyərək, onları narahat edən problemlərlə də bağlı qeydlər apararaq, həll edilməsi istiqamətində köməklik göstərilməsinə çalışacağını bildirib. Millət vəkili onların bəzi problemlərinin həlli istiqamətində müvafiq qurumlarla danışacağını da deyib.