Azərbaycanın milli bayramı olan 15 İyun Milli Qurtuluş Günü Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə bağlıdır. 1993-cü ilin iyun ayında Azərbaycan ağır ictimai-siyasi və iqtisadi böhranla üzləşmişdi. Ölkə daxilində separatizm, anarxiya və dövlətin süqutuna səbəb ola biləcək vəziyyət hökm sürürdü. Bu dövrdə Azərbaycan xalqı Heydər Əliyevin yenidən siyasi hakimiyyətə gəlməsini tələb edirdi.
QAZÌLER.AZ Trend-ə istinaden verdiyi melumata göre, bunu Milli Məclisin deputatı Sevil Mikayılova deyib.
S.Mikayılova bildirib ki, Heydər Əliyev Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosundan 1987-ci ildə istefa verdikdən sonra Azərbaycanın siyasi arenasında ciddi dəyişikliklər başladı:
"Onun hakimiyyətdən getməsi ilə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində erməni millətçilərinin fəaliyyətləri artdı və Azərbaycan xalqının faciələri başladı. AXC-Müsavat hakimiyyətinin səriştəsizliyi ölkəni iqtisadi və siyasi xaosa sürüklədi, bu da separatçılıq və vətəndaş müharibəsi təhlükəsini artırdı.
1993-cü ilin iyununda Heydər Əliyev xalqın təkidli çağırışlarına cavab verərək, Bakıya qayıtdı və qısa müddət ərzində Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Heydər Əliyev öz xilaskarlıq missiyasını yerinə yetirərək, ölkəni böhrandan çıxarmağa başladı. Onun liderliyi altında Azərbaycan siyasi stabillik əldə etdi, iqtisadi islahatlar həyata keçirildi və dövlətin mövcudluğu qorundu.
15 iyun 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan Respublikası dərin ictimai-siyasi və iqtisadi böhrandan xilas oldu. Bu tarix Azərbaycan xalqı üçün qurtuluşun və yeni bir dövrün başlanğıcını simvolizə edir. Milli Qurtuluş Günü, Azərbaycan tarixində dönüş nöqtəsi olub və 1997-ci ildə rəsmi olaraq bayram elan edilib”.
Deputat əlavə edib ki, Heydər Əliyevin xidmətləri və liderliyi, Azərbaycan xalqı və dövlətinin gələcək inkişafının əsaslarını qoydu.
“Onun qurduğu siyasi kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu siyasət nəticəsində Azərbaycanın beynəlxalq aləmdə nüfuzu artıb və müstəqil siyasət həyata keçirən güclü bir dövlətə çevrilib. Vətən müharibəsində qazanılan zəfər də bu siyasi kursun məntiqi nəticəsidir.
Heydər Əliyevin siyasi irsi və milli qurtuluş missiyası Azərbaycan xalqı tərəfindən həmişə uca tutulur və hər il 15 İyun Milli Qurtuluş Günü kimi qeyd olunur. Bu gün ölkənin müasir və müstəqil dövlət kimi mövcudluğunu və inkişafını simvolizə edir”.
S.Mikayılova vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın inkişafı davam edir:
"Xüsusilə işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa işləri, Azərbaycanın inkişafında yeni mərhələni nümayiş etdirir. Milli Qurtuluş Günü xalqımızın birliyinin və dövlətimizin gücünün simvolu olaraq əbədi qalacaq.
Azərbaycan xalqı və dövləti üçün böyük əhəmiyyət kəsb edən bu gün həm də ölkəmizin gələcək nəsillərinə əzmlə mübarizə aparmaq və milli birliyimizi qorumaq üçün bir nümunədir. Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi və onun qurduğu dövlətçilik irsi Azərbaycan xalqının milli yaddaşında əbədi olaraq yaşayacaq”.