Novruz Məmmədov Qarabağdakı İsveçrə şirkətləri haqda mövqeyini açıqlayıb. ANS PRESS-in məlumatına görə, Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Twitter səhifəsində bu barədə yazıb. O, qeyd edib ki, Avropa İttifaqının Azərbaycan siyasətinin bir məqamı ikili standartın açıq göstəricisidir. "Necə olur ki, İsveçrə və Aİ-nin şirkət və nümayəndələrinin işğal olunmuş Dağlıq Qarabağda işləmələrinin qarşısını almırlar. Amma Cənubi Osetiyada, Abxaziyada və digər yerlərdə onlar işləmirlər".
Xatırladaq ki, Azərbaycan Prokurorluğu Vartan Sirmakesin cinayət məsuliyyətinə cəlb edilməsi üçün İsveçrə Konfederasiyası Baş Prokurorluğuna müraciət edib.Baş Prokurorluqdan verilən xəbərə görə, Azərbaycan Respublikasının Xarici İşlər, İqtisadiyyat və Sənaye nazirliklərindən daxil olmuş İsveçrə Konfederasiyasının vətəndaşı “Franck Muller Group” şirkətinin həmtəsisçisi və baş icraçı direktoru Vartan Sirmakesin Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan Respublikasının işğal etdiyi ərazilərində qanunsuz iqtisadi və digər fəaliyyəti ilə bağlı materiallarda göstərilən xüsusatlar Baş Prokurorluqda araşdırılıb.
Araşdırmalar zamanı V.Sirmakesin ölkəmizin işğaaltında olan ərazilərində qanunsuz iqtisadi fəaliyyətlə məşğul olması, Zəngilan rayonunun Vejnəli kəndində yerləşən qızıl mədəninin açılış mərasimində iştirak etməklə dövlət sərhədini qanunsuz keçməsi, eyni zamanda Azərbaycanın ərazi bütövlüyü və suverenliyini şübhə altına alan qərəzli hərəkətlər etməsində şübhələr üçün kifayət qədər əsaslar müəyyən edilib.