Biləsuvar rayonunun Xırmandalı kəndində Birinci Qarabağ müharibəsində şəhid olmuş Vurğun Səxavət oğlu Rzayevin anım günü münasibətilə inşa edilmiş Xatirə kompleksinin açılışı olub.
"Report"un Muğan bürosunun məlumatına görə, tədbirdə rayon rəsmiləri, şəhid valideynləri, müharibə veteranları və ictimaiyyət nümayəndələri iştirak edib.
Dövlət himninin ifası ilə başlayan mərasimdə Azərbaycanın ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olan vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Mərasimdə çıxış edənlər şəhid Vurğun Rzayevin Birinci Qarabağ müharibəsində göstərdiyi qəhrəmanlıqdan, keçdiyi şərəfli döyüş yolundan söz açıblar.
Qeyd edək ki, şəhid Vurğun Səxavət oğlu Rzayev 1973-cü il martın 24-də Biləsuvar rayonunun Xırmandalı kəndində anadan olub. 1992-ci ildə Biləsuvar Rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılıb. O, Murovdağ, Füzuli, Tərtər, Ağdam istiqamətlərində gedən döyüşlərdə xüsusi fədakarlıqla vuruşub.
V.Rzayev 1994-cü il mayın 12-də Sırxavənd kəndi uğrunda gedən qanlı döyüşdə qəhrəmancasına şəhid olub.