ATƏT Ermənistan və Azərbaycan arasında sərhədin delimitasiyası prosesini alqışlayır və danışıqların konstruktiv şəraitdə keçməsinin tərəfdarıdır.
Trend xəbər verir ki, bu barədə təşkilatın hazırkı sədri, Maltanın xarici işlər naziri Yan Borq İrəvanda keçirdiyi mətbuat konfransında bildirib.
“Biz Ermənistanla Azərbaycan arasında delimitasiya prosesini dəstəkləyirik. Danışıqlar prosesi etimad şəraitində, bərabər əsasda keçməlidir. Onilliklər boyu davam edən və iztirablara səbəb olan münaqişəyə son qoyula bilər”, - deyə Yan Borq vurğulayıb.
Qeyd edək ki, aprelin 19-da Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan Respublikası Baş nazirinin müavini Mqer Qriqoryanın sədrliyi ilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşündə anklav və eksklav məsələləri üzrə delimitasiya prosesini davam etdirmək barədə razılıq əldə olunub.