Azərbaycan Prezidenti İlham Əliyevin sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında imzaladığı fərman ölkədə həm idarəetmə, həm vətəndaş-dövlət münqasibətlərinin yaxşılaşdırılması, həm də vətəndaşların məmnun qalması üçün həyata keçirilən inqilabi islahatlardan biridir.
Bunu Trend-ə Milli Məclisin deputatı Azay Quliyev deyib.A.Quliyev hesab edir ki, həm bu fərman, həm də Milli Məclisdə sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasını nəzərdə tutan qanunun qəbulu sayəsində Azərbaycanda sahibkarlar rahat nəfəs ala biləcəklər.
Sahibkarlıq fəaliyyəti üçün lisenziyaların “ASAN xidmət" mərkəzlərində verilməsini də iqtisadiyyatımız üçün çox mühüm hal sayan deputat bu qurumu ölkədə korrupsiya ilə mübarizə sahəsində çox yaxşı institut hesab edib.
A.Quliyevin sözlərinə görə, Azərbaycanda kiçik və orta sahibkarlıq bu fərman və qanundan maksimum şəkildə yararlanacaq: “Bu, indiyədək sahibkarlara ciddi şəkildə edilən təzyiqlərin, lüzumsuz yoxlamaların, sahibkarların fəaliyyətinin rentabelliyinin aşağı salınması ilə bağlı edilən bütün müdaxilələrin qarşısını alacaq. Buna görə Prezidentə minnətdarlığımı bildirmək istəyirəm. Bu addımı atmaqla Azərbaycanda biznes mühitini tam şəkildə qoruya bildik”.