Beyləqan rayonunun Şəfəq qəsəbəsində yerləşən “Peyğəmbərlik” qəbiristanlığında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Müşfiq İlyas oğlu Cəfərovun meyitinin qalıqları Lerik rayonuna gətirilib.
“Report”un Cənub bürosunun məlumatına görə, şəhidin nəşi rayonun Monidigah kəndində ailəsinə təhvil verilib.
Vida mərasimi keçirildikdən sonra şəhidin nəşi Monidigah kənd qəbiristanlığında dəfn olunub.
Dəfn mərasimində şəhidin doğmaları, Lerik Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, Müşfiq İlyas oğlu Cəfərov 1974-cü il aprelin 13-də anadan olub. O, 1994-cü ilin yanvarın 26-da Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi ərazisində itkin düşüb.