Aprelin 26-da Ağdam rayonu ərazisində yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin təntənəli bağlanış mərasimi keçirilib.
Trend-in Qarabağ bürosu xəbər verir ki, mərasimdə müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev, müdafiə nazirinin müşaviri general-polkovnik Bəxtiyar Ersay, Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini general-polkovnik Sergey İstrakov, hərbi qulluqçular və media nümayəndələri iştirak ediblər.
Əvvəlcə hər 3 ölkənin dövlət himnləri səsləndirilib.
Mərasim iştirakçılarını salamlayan general-polkovnik K.Vəliyev Türkiyə Respublikası və Rusiya Federasiyası arasında imzalanmış 11 noyabr 2020-ci il tarixli Memoranduma əsasən yaradılmış Birgə Monitorinq Mərkəzinin fəaliyyəti haqqında danışıb.
Baş Qərargah rəisi 2021-ci ilin yanvar ayının 30-dan regionda sülhün və sabitliyin rifahı naminə vicdanlı və cəsarətli xidmətinə görə türkiyəli və rusiyalı hərbi qulluqçulara minnətdarlığını bildirib, onlara gələcək xidmətlərində uğurlar arzulayıb.
Həmçinin qeyd edilib ki, Azərbaycan Respublikasının Prezidenti, Rusiya Federasiyasının Prezidenti və Ermənistan Respublikasının baş nazirinin 10 noyabr 2020-ci il tarixli Bəyanatına uyğun olaraq Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonunda müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlı kontingentinin də iki ölkənin ali rəhbərliyi arasında əldə olunan razılığa əsasən fəaliyyətini vaxtından əvvəl dayandıraraq ölkə ərazisindən tam çıxarılması prosesinə başlanılıb.
Bağlanış mərasimi Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin Mahnı və Rəqs Ansamblının və Heydər Əliyev adına Hərbi İnstitutun Hərbi Orkestrinin iştirakı ilə bədii proqramın təqdimatı ilə başa çatıb.