XIX əsrin ikinci yarısından etibarən Rusiya Osmanlı türklərinə qarşı qətliamlara dəstək verib.
APA xəbər verir ki, bunu Azərbaycan Dövlət İqtisad Universitetində keçirilən "Qondarma Erməni soyqırımı: İddialar və gerçəklər" mövzusunda konfransda Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı deyib.
Səfir bildirib ki, ermənilər Rusiya ordusuna qatılır və ya onlarla əməkdaşlığa cəlb olunurdular: “Həmin dövrdə ermənilərdən daha çox pozuculuq fəaliyyətlərində istifadə edirdilər. Bu dəstək cavabsız qalmadı. Rusiya ordusu imperiyanın cənubunda məskunlaşmağa başladı. 1915-ci ildə Çar Rusiyasında qəbul olunan qanun nəticəsində bölgədə ölüm-dirim müharibəsi başladı”.
Cahit Bağçı qeyd edib ki, ermənilərin Osmanlı imperiyasının son dövrlərində baş verən hadisələri soyqırımı kimi təqdim etməsi heç bir məntiqə sığmır: “Həmin dövrdə dağılmaqda olan imperiyanın bir çox xalqları gerçək soyqırımlarına məruz qalıb. O dövrdə 500 min nəfərdən çox müsəlman qətlə yetirilib. Soyqırımı hüquqi bir anlayışdır. Bu səbəbdən də 1915-ci ildəki hadisələri "soyqırımı" adlandırmaq heç bir məntiqə sığmır. Avropa İnsan Haqları Məhkəməsi 2015-ci il tarixli qərarı ilə "soyqırımı" iddialarına tutarlı cavab verib. 2005-ci ildə Türkiyə 1915-ci il hadisələrinin araşdırılması üçün ortaq komissiya yaradılmasını təklif etsə də, Ermənistan tərəfi hələ də bu təklifə cavab verməyib. 1915-ci ildəki hadisələri tarixi məcrasından çıxarıb birtərəfli qaydada təqdim etmək yalnız terrorçu qruplaşmaların maraqlarına xidmət edir".