Qarabağın ərazi mənsubiyyəti ilə bağlı mübahisələr başa çatıb, Rusiya hərbçilərinin bu regionda missiyası yerinə yetirilib.
Qaziler.az xəbər verir ki, bunu Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Leonid Slutski “NEWS.ru”ya bildirib. O, Rusiya sülhməramlı kontingentinin Azərbaycandan çıxarılmasının başlamasını belə şərh edib. Slutskinin fikrincə, sülhməramlıların getməsi Qarabağda dinc həyatın bərpasından xəbər verir.
"Azərbaycan Qarabağ ərazisi üzərində suverenliyini bərpa edib, bu məsələ bağlandı. İndi Qarabağ torpağı ətrafında heç bir ərazi mübahisəsi yoxdur, orada döyüşən tərəflər yoxdur. İndi biz arzu edə bilərik ki, bölgədə tez bir zamanda dinc həyat bərqərar olsun. Bu, artıq Bakının səlahiyyətindədir”, - deputat vurğulayıb.
Slutski xatırladıb ki, sülhməramlı kontingent Rusiya və Azərbaycan prezidentləri Vladimir Putin və İlham Əliyevin razılığı ilə Qarabağdan çıxarılır.
Qeyd edək ki, aprelin 17-də Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya missiyasının Qarabağı tərk etməyə başlaması ilə bağlı məlumatı təsdiqləyib.
QAZİLER.AZ