Oktyabrın 16-da Qazaxıstan Respublikasının Akmola vilayətinin Burabay qəsəbəsində Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının növbəti iclası keçirilib. APA-nın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edib.
“Mən öz çıxışımda iki-üç mövzuya toxunmaq istərdim. Birincisi, bu, artıq qeyd edildi: qarşılıqlı iqtisadi fəaliyyətin yeni formalarının axtarılması zərurəti. MDB ölkələri arasında əmtəə dövriyyəsi azalıb. Dünyada baş verən müəyyən proseslər nəzərə alınsa, burada, əlbəttə, obyektiv amil var. MDB üzvü olan ölkələrin çoxunun milli valyutaları öz dəyərini itirib. Biz hesablaşmaları dollar ilə apardığımıza görə bu, təbii ki, statistikada dərhal mənfi işarə ilə öz əksini tapır. Buna görə mən də Vladimir Vladimiroviç Putinin hesablaşmaları milli valyutalarla aparmağa keçid məsələsinin araşdırılması ideyasına qoşulmaq istərdim. Bu, bizim fəaliyyətimizlə bağlı olmayan müəyyən maliyyə risklərindən yaxa qurtarmağa, həmçinin milli valyutalarımızı möhkəmlətməyə imkan verər, iqtisadi inteqrasiya işinə daha çox kömək edərdi. İqtisadi sahədə əməkdaşlığın yeni formalarının, həmçinin xüsusən zəngin təbii ehtiyatlara malik olan ölkələrdə yeni iqtisadi modelin möhkəmlənməsinin yeni formalarının axtarışı, əlbəttə, dövlətlərimizin gündəliyindədir. Düşünürəm ki, burada meydana çıxan riskləri minimuma endirmək üçün daha fəal məsləhətləşmələr, fikir və təcrübə mübadiləsi aparmaq olar”, deyə prezident İlham Əliyev bildirib.Dövlət başçısı qeyd edib ki, Azərbaycan nəqliyyat təhlükəsizliyi məsələlərində fəal iştirak edir: “Biz, həmçinin bütün MDB ölkələrini irəli sürdüyümüz təşəbbüslərə, o cümlədən Birliyin üzvü olan bəzi ölkələrlə müştərək təşəbbüslərə qoşulmağa dəvət edirik. Bu ilin avqust ayında Qazaxıstandan keçməklə Çindən Azərbaycana gələn ilk konteyner qatarı qəbul edilib. Bu, Şərq-Qərb dəhlizinin yeni cizgilər kəsb etməyə başladığını göstərən yaxşı əlamətdir. Bu dəhlizin böyük geosiyasi əhəmiyyəti var və o, əlbəttə, həmin yol üzərində, habelə bu nəqliyyat marşrutunun yaxınlığında yerləşən ölkələrin daha sıx inteqrasiyasına imkan verəcək”.
Prezident İlham Əliyev bildirib ki, Azərbaycan “Şimal-Cənub” dəhlizinin layihəsi üzərində, ilk növbədə Rusiya Federasiyası və İranla fəal işləyir: “Artıq ciddi razılaşmalar əldə olunub, bizim dəmir yolu magistrallarının birləşdirilməsi prosesinin sürətləndirilməsinə dair konkret qərarlar qəbul edilib. Bu layihə böyük maliyyə gəlirləri vəd edir. Bu magistral Çinin, Hindistanın, İranın, Azərbaycanın, Rusiyanın və Avropanın nəhəng bazarlarını birləşdirən ən rahat və ən qısa yoldur. Həmçinin sizə bu barədə məlumat vermək və tərəfdaş ölkələrimizi bu layihəyə qoşulmağa dəvət etmək istərdim. Bu iştirak müxtəlif formada ola bilər – sərmayə qoyuluşu, yüklərin təminatı ilə bağlı məsələlər. Düşünürəm ki, biz bu istiqamətdə birlikdə işləyə bilərik. Əgər sərmayələrlə bağlı istək olarsa biz bunu yalnız alqışlayacağıq. Əgər belə arzu yoxdursa, bu magistralın yaxın iki il ərzində tam işə düşməsi üçün mümkün yeni yüklərin səfərbər edilməsi sahəsində birgə işləyə bilərik”.
Azərbaycan prezidenti həmçinin regionda təhlükəsizlik tədbirlərinin möhkəmlənməsi məsələsinə toxunub: “Terrorizmə qarşı mübarizədə bütün dünya birliyinin çoxplanlı əməkdaşlığı olmadan dünyada heç bir ölkə özünü tam təhlükəsiz hiss edə bilməz. Bu təhlükə bu gün region ölkələri üçün bilavasitə risklərin və bizim hamımız üçün potensial risklərin mənbəyidir. Buna görə də bugünkü mərhələdə beynəlxalq terrorizmə qarşı mübarizə bütün ölkələr üçün prioritet olmalıdır və biz yalnız səylərimizi birləşdirməklə qarşıya qoyulmuş məqsədlərə çata bilərik. Əlbəttə, risklərin minimuma endirilməsi, habelə beynəlxalq terrorizmi doğuran səbəblərin üzə çıxarılması, aşkar edilməsi istiqamətində çox işləmək lazımdır. Əlbəttə, bunun çox böyük kənar səbəbləri var, terror yönümlü müəyyən qruplar, qruplaşmalar maliyyələşdirilir. Amma, həmçinin daxili səbəblər də mövcuddur. Daxili səbəb isə yoxsulluq, savadsızlıq, gerilik, radikalizm, fundamentalizm, sosial ədalətsizlikdir. Əgər bu və ya digər ölkədə bu obyektiv səbəblər yoxdursa, orada xaricdən göstərilən bütün səylərə baxmayaraq terrorizmin yetişməsi üçün zəmin yaratmaq çox çətin olacaq. Buna görə də sosial-iqtisadi xarakterli məsələlərin, təhlükəsizliyin möhkəmləndirilməsi, terrorizmə qarşı mübarizə məsələlərinin həlli üzərində səylərin birləşdirilməsi – bütün bunlar bu gün ölkələrimizin əsas gündəliyini təşkil edir. Biz region ölkələri ilə sülh və həmrəylik şəraitində yaşamaq, inkişaf etmək, uşaqların savadlı, təhsilli, sağlam böyüməsini istəyirik. Bunun üçün bizə təhlükəsizlik lazımdır. Buna görə də Azərbaycan öz tərəfindən beynəlxalq terrorizmlə mübarizə üçün bundan sonra da bütün səylərini əsirgəməyəcək”.