Azərbaycan Mili Məclisinin deputatları Hicran Hüseynova və Rüfət Quliyev Rusiyada keçirilən prezident seçkilərini müşahidə edirlər.
QAZILER.AZ APA-ya istinaden xeber verir ki, bu gün azərbaycanlı müşahidəçilər Rusiya prezidentliyinə namizəd, Liberal Demokrat Partiyasının sədri Leonid Slutskinin seçki qərargahında olublar.
Daha sonra isə Milli Məclisinin deputatları Moskvanın S.V. Milaşenkov adına orta məktəbdə yerləşən seçki məntəqəsində olublar, orada seçki prosesini müşahidə ediblər.
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova jurnalistlərə açıqlamasında bildirib ki, Rusiyada prezident seçkiləri çox yaxşı səviyyədə, demokratik şəraitdə təşkil olunub: "Seçki prosesi sakit keçir. Maraqlı bir neçə yeniliklər var. Məsələn, hələ pandemiya dövründə Rusiya elektron səsvermə formatını yaratmışdı. İndi bu formatın səmərəsini nəzərə alaraq prezient seçkilərində də tətbiq edilər və yaxşı nəticə verir. Biz bir neçə məntəqədə olmuşuq. İnsanların fəallığı yüksəkdir, heç kimə təzyiq yoxdur. Bir neçə məntəqədə müxalifət problemlər yaradıb. Ancaq bu hadisələr də təmkinlə yola verilib.
Bu seçkilərdə bir çox ölkələrdən nümayəndələr gəlib, Hamıya, xüsusilə də Azərbaycan nümayəndə heyətinə diqqət ayrılır. Bu da təbiidir. Azərbaycan ilə Rusiya arasında, ölkələrimizin prezidentləri arasında münasibətlər yüksək səviyyədədir. Azərbaycan nümayəndə heyətinə olan xüsusi diqqət və qayğı bir daha göstərir ki, ölkəmiz dünya arenasında nüfuza malikdir".
H. Hüseynova əlavə edib ki, Azərbaycan nümayəndə heyəti bir neçə məntəqədə olacaq: "Martın 18-də Dövlət Dumasının komitə sədrləri ilə görüşlərimiz də nəzərdə tutulub".
Millət vəkili Rüfət Quliyev isə jurnalistlərə açıqlamasında Rusiyada vətəndaşların böyük həvəslə seçkidə iştirak etdiyini söyləyib: "Rusiyada çox işgüzar və sakit mühitdir, vətəndaşlar böyük həvəslə seçkidə iştirak etmək istəyirlər. Bu gün demokratik ölkələr üçün ən böyük problem odur ki, elektorat seçkidə iştirak etməkdə bir o qədər həvəsli deyil. 2008-ci ildən parlamentlərarası assambleyanın xətti ilə MDB ölkələrinin seçkilərində müşahidəçi kimi iştirak etmişəm. İnkişaf etmiş ölkələrdə 32 faiz seçici gələndə böyük qələbə sayılır, MDB ölkələrində görürsən ki bu göstərici 60-70 faizi də keçir. Bu gün bir neçə seçki məntəqələrinə baş çəkdik. Prezidentliyə namizəd Leonid Slutski ilə görüşdük. Sabah kifayət qədər işgüzar gün olacaq”, - deyə azərbaycanlı deputat vurğulayıb.