Azərbaycan, Türkiyə və Gürcüstanın imzaladığı Bakı bəyannaməsinin mətni açıqlanıb

Azərbaycan, Türkiyə və Gürcüstanın imzaladığı Bakı bəyannaməsinin mətni açıqlanıb backend

Azərbaycan Respublikasının, Gürcüstan Respublikasını və Türkiyə Respublikasının Xarici İşlər Nazirlərinin Doqquzuncu Üçtərəfli Görüşünün Bakı Bəyannaməsinin mətni açıqlanıb.

Qaziler.az xəbər verir ki, Bakı Bəyannaməsində deyilir:

Azərbaycan Respublikasının xarici işlər naziri, zati-aliləri Ceyhun Bayramovun dəvəti və Türkiyə Respublikasının xarici işlər naziri, zati-aliləri Hakan Fidan və Gürcüstanın xarici işlər naziri, zati-aliləri İlya Darçiaşvilinin iştirakı ilə üç ölkənin xarici işlər nazirlərinin Doqquzuncu Üçtərəfli Görüşü 15 mart 2024-cü il tarixində Bakıda keçirildi.

Nazirlər,

Ölkələri arasında dostluq və tarixi bağlar, qarşılıqlı hörmət və etimada əsaslanan mövcud möhkəm əlaqələri vurğulayaraq;

Qarşılıqlı maraq doğuran bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi, ticarət, sülh və təhlükəsizlik, elm və texnologiya və mədəniyyət sahələrində strateji tərəfdaşlıq səviyyəsində əməkdaşlığın daha da dərinləşdirilməsini arzulayaraq;

Regionda sülhün, sabitliyin və inkişafın təşviqinə dövlətlərinin verdiyi əhəmiyyətli töhfələri və xalqlarının daha geniş regionda müştərək rifah və təhlükəsizlik üçün bu idealları daha da irəli aparmaq üçün qarşılıqlı istəyini nəzərə alaraq;

Yalnız bütün forma və təzahürlərdəki terrorizm təhdidləri, kiberhücumlar və müharibənin hibrid formaları ilə məhdudlaşmayaraq, ölkələrinin qarşılaşdığı çağırışların və yaranan təhdidlərin fərqinə vararaq;

Regional iqtisadi profilin gücləndirilməsi üçün ticarət və investisiya fəaliyyətlərinin sürətləndirilməsinin vacibliyini dərk edərək;

Regionda dayanıqlı və güclü iqtisadi artım və inkişaf üçün təməl daşı kimi regional bağlantının əhəmiyyətini qeyd edərək;

Münaqişədən zərər çəkmiş ərazilərinin yenidən qurulması və bərpası səylərində Azərbaycan hökuməti və xalqı ilə həmrəylik ifadə edərək;

Sonuncu üçtərəfli toplantıdan sonra baş vermiş, 6 fevral 2023-cü il tarixində Türkiyənin cənub-şərq bölgəsində minlərlə insanın həyatına son qoyan və daha minlərlə insanın yaralanması ilə nəticələnən və ağır dağıntılara səbəb olan iki dağıdıcı zəlzələ və eləcə də son 6 ay ərzində Türkiyəyə qarşı törədilmiş silsilə terror aktları ilə əlaqədar türk xalqı ilə bir daha həmrəylik ifadə edərək;

Aşağıdakıları bəyan etdilər:

Dövlətlərinin bir-birinin suverenliyinə, ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığına güclü və birmənalı dəstəyini bir daha təkrarladılar;

Dövlət sərhədləri daxilində Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün tam bərpasını alqışladılar və Azərbaycan Respublikası hökumətinin post-münaqişə dövründə bərpa və yenidənqurma səylərinə dəstəklərini bir daha təsdiqlədilər;

Azərbaycan və Ermənistan arasında bir-birinin suverenliyinin, ərazi bütövlüyünün və sərhədlərinin toxunulmazlığının qarşılıqlı tanınması və onlara hörmət əsasında münasibətlərin normallaşmasına öz dəstəklərini bir daha təsdiq etdilər, onların arasında münasibətlərin tezliklə qurulmasının regional sabitliyə və təhlükəsizliyə mühüm töhfə verəcəyindən və regionun əməkdaşlıq potensialının tam reallaşmasına yol açacağından əmin olduqlarını bildirdilər və bununla əlaqədar Gürcüstan və Türkiyənin region ölkələri kimi müsbət rolunu qeyd etdilər;

Montrö Konvensiyasının və Qara dənizdə artan eskalasiyanın uğurlu idarə edilməsində Türkiyənin bu konvensiyanı diqqətlə tətbiqinin əhəmiyyətini bir daha qeyd etdilər;

Hərbi əməliyyatların dayandırılmasına gətirib çıxaracaq təxirəsalınmaz atəşkəsin, Qəzzaya təcili, maneəsiz, dayanıqlı və kifayət qədər humanitar yardım təchizatının və Yaxın Şərqdə daimi sülhün bərqərar olmasına yönəlmiş həqiqi sülh prosesinin bərpasının vacibliyi vurğulandı.

Gürcüstanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünün və suverenliyinin bərpasının son dərəcə vacib olduğunu bir daha qeyd etdilər;

Terrorizmin bütün forma və təzahürlərinə, transmilli mütəşəkkil cinayətkarlığa, silahların, narkotiklərin və onların prekursorlarının qanunsuz dövriyyəsinə, insan alverinə, miqrant qaçaqmalçılığına, çirkli pulların yuyulmasına, mədəni və tarixi irsə qarşı cinayətlərə və kibercinayətkarlığa qarşı mübarizə üçün müvafiq beynəlxalq və regional sənədlərə uyğun olaraq əməkdaşlığı gücləndirmək əzmlərini bir daha yenilədilər;

Transxəzər Şərq-Qərb Orta Dəhlizi, Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçən dəmir yolu əsaslı multimodal nəqliyyat dəhlizi də daxil olmaqla, ölkələrinin tranzit potensialının gücləndirilməsi istiqamətində atılan mühüm addımları, habelə beynəlxalq tranzit sisteminə inteqrasiya səylərini vurğuladılar;

Dəmir İpək Yolunun bir hissəsi kimi Bakı-Tbilisi-Qars Dəmir Yolunun (BTQ) və Marmaray layihəsinin Asiya və Avropa arasında rəqabətli daşımaların asanlaşdırılmasındakı əsas rolunu vurğuladılar;

BTQ-nin “Marabda-Kartsaxi” hissəsində bərpa, yenidənqurma və genişləndirmə işlərinin erkən başa çatdırılmasının və dəmir yolu xəttinin 2024-cü ildə yenidən tam istismara verilməsinin vacibliyini vurğuladılar;

Nəqliyyat və kommunikasiya infrastrukturunun inkişafının vacibliyini vurğuladılar;

Hava, dəmir yolu, yol əlaqələri və regional bağlantıların təkmilləşdirilməsi və gücləndirilməsi vasitəsilə də olmaqla, nəqliyyat, ticarət, yaşıl enerji və aşağı karbon texnologiyaları da daxil, enerji və eləcə də insanlar arasında təmaslar, təhsil, sosial və mədəni mübadilə, turizm və İKT sahələrində əməkdaşlığın genişləndirilməsini qərara aldılar;

Enerji sahəsində strateji tərəfdaşlığı vurğuladılar və Cənub Qaz Dəhlizinə (CQD), eləcə də təbii qazın həcminin artırılmasına yönələn enerji layihələrinə olan tam dəstəklərini bir daha təsdiq etdilər;

Bərpa olunan enerjidən səmərəli istifadə də daxil olmaqla, dayanıqlı artım sahəsindəki tədbirlərinin koordinasiyasını dəstəklədilər;

Təchizat təhlükəsizliyi, enerji sektorunun liberallaşdırılması, bazarların yaradılması və/və ya idarə edilməsinə dair əməkdaşlığı və bilik və təcrübə mübadiləsini təşviq etdilər;

Səmərəli və nəticəyönümlü layihələr vasitəsilə ümumi maraq kəsb edən iqtisadi sahələrdə davamlı və gücləndirilmiş əməkdaşlığı təsdiq etdilər;

Qarşılıqlı maraq doğuran sahələrə investisiyaları daha da təşviq etməyə, habelə ixrac-idxal imkanlarının və iqtisadi əməkdaşlığın təşviqi üçün yeni metodların araşdırılması daxil olmaqla, üç dövlətin biznes dairələri, ticarət və sənaye palataları, eləcə də sənaye və biznes assosiasiyaları vasitəsilə bu istiqamətdə birbaşa əlaqələrin davam etdirilməsinə hazır olduqlarını bildirdilər;

Dövlətlərin, mümkün olduğu təqdirdə beynəlxalq təşkilatlarda müvafiq namizədliklərini dəstəkləmək vasitəsilə də daxil olmaqla, fəal əməkdaşlığını yüksək qiymətləndirdilər;

Üçtərəfli tədbirlər və layihələr vasitəsilə ölkələrin gəncləri və idmançıları arasında dostluq, qardaşlıq və qohumluq bağlarını möhkəmləndirmək istəklərini bəyan etdilər;

Azərbaycan Respublikasının 11-22 noyabr 2024-cü il tarixlərində Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Tərəflər Konfransının 29-cu iclasına (COP29) ev sahibliyinə seçilməsini alqışladılar.

Nazirlər görüşün uğurlu təşkilinə görə Azərbaycan Respublikasının Xarici İşlər Naziri zati-aliləri Ceyhun Bayramova dərin minnətdarlıqlarını ifadə etdilər.

Üçtərəfli görüşlərin mütəmadi keçirilməsinin vacibliyini vurğuladılar və Onuncu Üçtərəfli Görüşün 2025-ci ildə qarşılıqlı razılaşdırılacaq tarixlərdə Türkiyədə keçirilməsinə qərar verdilər.

15 mart 2024-cü il tarixində, Bakıda, ingilis dilində imzalandı.

Azərbaycan Respublikasının

Xarici İşlər Naziri

Zati-aliləri Ceyhun Bayramov

Gürcüstanın

Xarici İşlər Naziri

Zati-aliləri İlya Darçiaşvili

Türkiyə Respublikasının

Xarici İşlər Naziri

Zati-aliləri Hakan Fidan

 

Diaspora