Gürcüstanın Baş naziri martın 16-da Azərbaycana gələcək - YENİLƏNİB

Gürcüstanın Baş naziri martın 16-da Azərbaycana gələcək - YENİLƏNİB backend

Gürcüstanın Baş naziri İrakli Kobaxidze martın 16-da Azərbaycana, gələn həftə isə Ermənistana səfər edəcək.

Apa-nın Tbilisi müxbiri xəbər verir ki, hökumət başçısı bu barədə jurnalistlərə açıqlamasında bildirib. O, qonşu ölkələrlə münasibətlərin dərinləşdirilməsinin Gürcüstan hökuməti üçün əsas prioritetlərdən olduğunu vurğulayıb.

“Təsadüfi deyil ki, Brüsselə səfərdən sonra qonşu ölkələrdə də görüşlər keçiriləcək. Şənbə günü Azərbaycana, gələn həftə isə Ermənistana səfər olacaq. Biz ikitərəfli əməkdaşlıqla bağlı bütün məsələləri müzakirə edəcəyik. Regionda sülhün təmin edilməsi vacibdir və bilirsiniz ki, ölkəmiz həmişə müsbət rol oynayıb. Ona görə də ikitərəfli münasibətlərin dərinləşdirilməsi, regionumuzda - Cənubi Qafqazda sülh və sabitliyin təşviqi üçün hər şey ediləcək”, - Kobaxidze deyib.

***

14:39

Gürcüstanın Baş naziri İrakli Kobaxidze bu həftə ərzində Azərbaycana səfər edəcək.

Apa-nın Tbilisi müxbiri xəbər verir ki, hökumət başçısı səfər çərçivəsində Bakıda bir sıra ali səviyyəli ikitərəfli görüşlər keçirəcək və Gürcüstan-Azərbaycan münasibətlərinə dair müzakirələr aparacaq.

Qeyd edək ki, ötən ay Gürcüstanın Baş naziri vəzifəsinə təyin edilmiş İrakli Kobaxidze ilk xaricə səfərini Brüsselə edib. Azərbaycana səfəri onun ikinci xarici səfəri olmaqla yanaşı, region ölkələrinə ilk səfəri olacaq.

Diaspora