Fevralın 16-da Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Odil Reno-Bassonun görüşü olub.
AZƏRTAC xəbər verir ki, Odil Reno-Basso dövlət başçısına prezident seçkilərində qələbəsi münasibətilə təbriklərini çatdırıb.
Prezident İlham Əliyev təbriklərə görə minnətdarlığını bildirib.
Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin həm Xəzər dənizində, həm də Qara dənizdə gəmi donanmasının artırılması layihələrində iştirakından məmnunluğunu ifadə etdi. Həmçinin AYİB-in Orta Dəhliz layihəsinə böyük əhəmiyyət göstərdiyini və bu çərçivədə Azərbaycanla əməkdaşlığı yüksək qiymətləndirdiyini qeyd edərək, bu kimi layihələrdə iştirak etməyə hazır olduğunu bildirib.
Odil Reno-Basso vurğulayıb ki, AYİB, eyni zamanda, su resurslarının idarə edilməsi sahəsində də Azərbaycanın tərəfdaşı rolunda çıxış edir və bu istiqamətdə hökumətin həyata keçirdiyi layihələrə dəstək verməyə hazırdır. O, həmçinin COP29 çərçivəsində də AYİB–lə Azərbaycan arasında əməkdaşlıq məsələlərinin, bu xüsusda ölkəmizin bərpaolunan enerji layihələri və yaşıl keçid istiqamətində siyasətinin də AYİB tərəfindən təqdir edildiyini və dəstəkləndiyini diqqətə çatdırıb.
Dövlət başçısı Azərbaycanla AYİB arasında əməkdaşlıqdan məmnunluğunu bildirib. Prezident İlham Əliyev Xəzər Dəniz Gəmiçiliyi ilə, həmçinin Orta Dəhliz və su resurslarının idarə edilməsi sahələrində əməkdaşlığın mühüm əhəmiyyətini qeyd edərək, Azərbaycanda yaşıl keçid və bərpaolunan enerji resurslarının inkişaf etdirilməsi layihələrinə böyük əhəmiyyət verildiyini, artıq ölkəmizin yaxın dövrlərdə bərpaolunan enerji resurslarının ixracatçısı qismində çıxış edəcəyini vurğulanıb.
Görüşdə iqlim dəyişikliyinin artıq Cənubi Qafqaz regionuna da öz təsirlərini göstərdiyi, bu xüsusda Xəzər dənizində suyun səviyyəsinin aşağı düşməsi, Azərbaycanda, həmçinin çaylarda suyun həcminin azalması və digər fəsadların hiss olunduğu qeyd edilib. Söhbət zamanı Xəzər dənizinin suyunun şirinləşdirilməsi layihələrində də AYİB ilə Azərbaycan arasında əməkdaşlıq məsələlərinə toxunulub.
*****
18:17
Münxendə fevralın 16-da Azərbaycan Prezidenti İlham Əliyev ilə Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Odil Reno-Bassonun görüşü olub.
Qaziler.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, görüş qarşı tərəfin müraciətinə əsasən baş tutub.
Xatırladaq ki, Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransında iştirak üçün Almaniyaya səfər edib. Konfrans fevralın 16-18-də keçiriləcək.