“30 il sonra Azərbaycanın bütün torpaqlarında, o cümlədən işğaldan azad olunan Qarabağda yüksək seçici fəallığı ilə keçirilən seçkilərdə yenidən qalib gələn Can Azərbaycanın cənab Prezidenti İlham Əliyevi qələbə münasibətilə təbrik edirəm”.
Qaziler.az xəbər verir ki, bunu Türkiyənin keçmiş xarici işlər naziri, bu ölkənin parlamentinin NATO-dakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu “X”dəki hesabında yazıb.
“Azərbaycanlı qardaşlarımız onun liderliyi altında neçə-neçə zəfərlər qazanmağa davam edəcək”, - M.Çavuşoğlu bildirib.
Həmçinin Türkiyədə prezidentliyə keçmiş namizəd, əslən azərbaycanlı Sinan Oğan da Prezident İlham Əliyevi təbrik edib: “Bu gün Azərbaycanda baş tutan prezident seçkilərində qalib gələrək yenidən dövlət başçısı seçilən İlham Əliyevi təbrik edirəm. 30 il davam edən işğaldan sonra azad edilmiş Qarabağda və Şərqi Zəngəzur da daxil olmaqla bütün Azərbaycan torpalarında baş tutan bu əhəmiyyətli seçkilərin Azərbaycandakı qardaşlarımıza və bütün türk dünyasına xeyirli olmasını arzu edirəm”.
Türkiyənin keçmiş vitse-prezidenti, parlamentin xarici əlaqələr komitəsinin sədri Fuat Oktay da seçkilərin Azərbaycan üçün uğurlu olmasını arzu edib: "Exit-poll"un nəticələrinə əsasən 93,9 faiz səslə yenidən prezident seçilən İlham Əliyevi ürəkdən təbrik edir, Azərbaycan üçün uğurlu olmasını arzu edirəm”.
Qeyd edək ki, bu gün Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilib.
Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparıb.