1993-cü ilin fevralında ABŞ səfiri Naxçıvana nə üçün gəlmişdi?

1993-cü ilin fevralında ABŞ səfiri Naxçıvana nə üçün gəlmişdi? backend

ABŞ Konqresi SSRİ-nin dağılmasından sonra müstəqilliyini bərpa etmiş dövlətlərə yardım üçün 1992-ci ilin oktyabrında “Azadlığa dəstək aktı” adlı sənəd qəbul etmişdi. Lakin həmin dövrdə postsovet məkanında vəziyyət olduqca mürəkkəb və ziddiyyətli, həmçinin qeyri-müəyyən idi. Xüsusilə Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları, işğalçı siyasəti regional təhdidlərin artmasına, situasiyanın xaotik xarakter almasına səbəb olmuşdu. Belə bir şəraitdə ermənilərin saxta təbliğatı, bəzi güc mərkəzlərinin bu propaqandaya dəstək verməsi nəticəsində Azərbaycan həm də informasiya blokadası ilə üzləşmiş, bütün cəbhələrdə ağır məğlubiyyətə düçar olmuşdu.

QAZILER.AZ  AZƏRTAC-a istinaden xəbər verir ki, bu fikirlər Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının İnformasiya texnologiyalari və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nurlan Qələndərlinin məqaləsində yer alıb. Məqaləni təqdim edirik.

Həmin vaxt ölkəmizdə hakimiyyətdə olan “qüvvələr”in də bu işdə “xidmət”ləri az deyildi. Onların aciz mövqeyi, uğursuz siyasəti cəbhədə - hərbi arenada olduğu kimi, informasiya-təbliğat və siyasi-ideoloji müstəvidə də Azərbaycanın məğlub tərəfə çevrilməsinə səbəb olmuşdu. Belə bir şəraitdə “Azadlığa dəstək aktı”na 907-ci düzəliş edilməklə ABŞ tərəfindən Azərbaycana yardım göstərilməsi də qadağan olunmuşdu. Səbəb kimi Qarabağ müharibəsində guya Azərbaycanın “Ermənistanı nəqliyyat blokadasına alması” göstərilmişdi. Reallıq isə bəlli idi: Ermənistan Azərbaycana qarşı təcavüzkar hərəkətlərə yol verir, işğalçılıq siyasət yürüdürdü. Üstəlik, Ermənistan tərəfi Bakıdan Naxçıvana (oradan da Ermənistana) gedən qatarların qarşısını kəsmiş, dəmir yolunda hərəkət dayanmışdı. Nəticədə Naxçıvan blokada vəziyyətinə düşmüşdü.

Bu reallıqların fonunda ovaxtkı Azərbaycan hakimiyyəti nəinki haqq səsimizi beynəlxalq ictimaiyyətə çatdıra bilmirdi, hətta proseslər, eləcə də 907-ci düzəliş barədə xalqa məlumat vermirdi. Təsadüfi deyil ki, Azərbaycan ictimaiyyəti “Azadlığa dəstək aktı” adlı sənədə 907-ci düzəlişdən ilk dəfə ABŞ səfiri Riçard Maylsın 1993-cü il fevralın 4-də Naxçıvan Muxtar Respublikasına səfəri və muxtar respublikanın Ali Məclisinin Sədri Heydər Əliyevlə görüşündən sonra xəbər tutmuşdu. O zaman Heydər Əliyev ABŞ Prezidenti Bill Klintona yazdığı məktubda blokada vəziyyətində olan Naxçıvana humanitar yardım göstərilməsini xahiş etmişdi. Səfir R.Mayls isə Naxçıvana gedərək Heydər Əliyevlə yardımın hansı marşrutla və necə çatdırılması barədə müzakirə aparmışdı. Çünki qeyd etdiyimiz kimi, 907-ci düzəliş yardımla əlaqədar ciddi məhdudiyyət yaradırdı. Buna baxmayaraq, ABŞ hökuməti muxtar respublikaya 1993-cü ilin martında 1 milyon dollar dəyərində ilk humanitar yardım göndərmişdi. Göstərilən yardımdan əlavə, Birləşmiş Ştatların bir sıra hökumət və qeyri-hökumət təşkilatlarının nümayəndələri Naxçıvana gələrək vəziyyətlə yerində tanış olmuşdular. Eyni zamanda, Heydər Əliyevin aktiv diplomatik təmasları nəticəsində digər dövlətlərin hökumətləri də öz nümayəndələrini vəziyyətlə tanış olmaq üçün Naxçıvana göndərmişdilər. Muxtar respublikaya yardım göstərən ilk beynəlxalq təsisatlar isə BMT-nin müvafiq qurumları idi.

Heç şübhəsiz, Heydər Əliyevin bu təmasları və təşəbbüsləri təkcə blokada vəziyyətində olan Naxçıvana humanitar yardımın göstərilməsi baxımından əhəmiyyətli deyildi. Bu, eyni zamanda, dünyanın, xüsusilə regionda və qlobal miqyasda mühüm təsir imkanlarına malik olan dövlətlərin, beynəlxalq təşkilatların diqqətinin Qarabağ probleminə, Azərbaycana qarşı təcavüzkar siyasətə, onun nəticələrinə yönləndirilməsi, reallıqların geniş auditoriyaya çatdırılması üçün böyük önəm daşıyırdı. Ümummilli Lider Heydər Əliyev xarici dövlətlərin və beynəlxalq təşkilatların nümayəndələri ilə keçirdiyi görüşlərdə, apardığı danışıqlarda daim bu məsələləri əsas müzakirə mövzusu kimi nəzərə çatdırırdı. Azərbaycan hakimiyyətinin ölkəni təcrid vəziyyətinə saldığı bir şəraitdə Heydər Əliyev böyük tarixi missiya yerinə yetirir, informasiya blokadasını yarmağa çalışırdı. Ulu Öndər 1993-cü ildə hakimiyyətə gəldikdən sonra sistemli fəaliyyətini davam etdirərək Azərbaycanın informasiya blokadasından çıxması, dünyada etibarlı tərəfdaşa çevrilməsi, Qarabağ məsələsinin həlli ilə əlaqədar obyektiv beynəlxalq rəyin formalaşması istiqamətində çox mühüm addımlar atdı. Sonrakı dövrdə isə Azərbaycan dövlətinin uğurlu xarici siyasəti nəticəsində ölkəmiz dialoq və əməkdaşlıq məkanına, Ermənistanın isə təcrid vəziyyətinə düşərək autsayderə - dalan ölkəyə çevrildi. Azərbaycan öz gücü, hərbi-siyasi resursları ilə torpaqlarını işğaldan azad etdi, tarixi ədaləti bərpa etməyə müvəffəq oldu. Ölkəmiz hərb meydanında möhtəşəm Qələbə qazandı, siyasi-diplomatik arenada və informasiya müharibəsində böyük üstünlük əldə etdi. Artıq tarixi Zəfər prosesə çevrilib və Azərbaycan bütün strateji hədəflərini addım-addım gerçəkləşdirir.

Diaspora