Azərbaycan Prezidentinin mətbuata hər bir müsahibəsi mövcud siyasətin əsas vektorlarını ifadə edir – ŞƏRH

Azərbaycan Prezidentinin mətbuata hər bir müsahibəsi mövcud siyasətin əsas vektorlarını ifadə edir – ŞƏRH backend

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açıq siyasət aparır və bunun nəticələri, uğurları və gözləntiləri barəsində media vasitəsilə geniş ictimaiyyət məlumatlandırılır. Ölkə Prezidentinin yerli televiziya kanallarına müsahibəsi ənənə halı alıb. Belə ki, dövlətimizin başçısı aparıcı yerli televiziya kanallarının əməkdaşlarına müsahibələr verir və onları düşündürən sualları çox dolğun şəkildə cavablandırır. Əslində yerli televiziya kanallarının əməkdaşlarının dövlətimizin başçısına ünvanladığı suallar ölkə, region və beynəlxalq ictimaiyyəti maraqlandıran çox əhəmiyyətli məsələlərdir. Dövlətimizin başçısı müsahibə çərçivəsində Azərbaycana düşmən gözü ilə baxan dairələrə mesajlar göndərir, Ermənistanla münasibətlərinin normalaşdırlması istiqamətində cızdığımız əsas konturları media vasitəsilə bir daha qarşı tərəfə çatdırır.

QAZILER.AZ. bildirir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov söyləyib.

Onun sözlərinə görə, bu gün hətta Ermənistan ictimaiyyəti arasında aparılan rəy sorğularında da respondentlərin böyük bir hissəsi Prezident İlham Əliyev haqqında çox yüksək fikirlər səsləndirirlər. Onlar da qeyd edirlər ki, Prezident İlham Əliyevin mətbuat vasitəsilə çatdırdığı bütün fikirlər real həyatda ya əks olunub, ya da reallaşacaqdır. Çünki bu günə qədər ölkə Prezidentinin səsləndirdiyi bütün məsələlər vergül və nöqtəsinə qədər həyata keçib. Məsələn, Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağa gələrək Qarabağ Ermənistandır və nöqtə demişdisə, Prezident İlham Əliyev Beynəlxalq Valday Diskusiya Klubunda “Qarabağ Azərbaycandır və nida” deyə bəyan etmişdi. Sonra isə Prezident İlham Əliyev Paşinyandan “Qarabağ Azərbaycandır!” deməsini tələb etmişdi. Bütün dünya şahid oldu ki, Paşinyan Brüssel və Praqada həmin frazanı dedi və həmişə də belə deməli olacaq.

Prezident İlham Əliyevin Azərbaycan xalqının torpaqlarının işğalı ilə barışmayacağını, işğala danışıqlar yolu ilə son qoyulmazsa, ərazi bütövlüymüzü güc yolu ilə bərpa edəcəyimizi dəfələrlə mətbuat vasitəsilə bəyan etdiyini deyən A.Badamov fikirlərinə belə davam edib: “Ölkə Prezidenti bütün bu məsələləri mətbuat vasitəsilə beynəlxalq ictimaiyyətə çatdıraraq mövqeyimizi açıqlayırdı. Əslində dövlətimizin başçısının mətbuata verdiyi hər bir müsahibə mövcud siyasətin əsas vektorlarını ifadə edir. Lakin çox təəssüf ki, İkinci Qarabağ müharibəsinə qədər nə Ermənistan, nə də onun havadarları bizi ciddiyə almadı. Ona görə də 44 günlük Vətən müharibəsi qaçılmaz oldu. Qısa zaman kəsiyində aparılan savaş dönəmi Prezident İlham Əliyevin xarici mətbuata ən çox müsahibələr verdiyi dövr hesab oluna bilər. Həmin müddətdə dövlətimizin başçısı 40-a yaxın xarici mətbuat orqanına müsahibələr verib və mövcud vəziyyəti dünya ictimaiyyətinə çatdırmışdı. Hətta xarici mətbuat orqanları ilə müsahibələr zamanı sifarişli, qərəzli sualların verildiyi zamanlar da oldu. Prezident İlham Əliyevin onları çox təmkinlə cavablandıraraq, həmin media nümayəndələrinin jurnalistdən daha çox ittihamçıya oxşadığını deməklə sətiraltı mesaj ötürdüyünü də müşahidə etdik”.

 

Deputatın sözlərinə görə, Vətən müharibəsi dövründə dövlətimizin başçısı xalqımızın yerli televiziya kanallarına sevgisini daha da artırdı. Çünki müharibənin getdiyi hər gün çox əlamətdar qələbə xəbərləri ilə zəngin olurdu. Böyükdən-kiçiyə hər kəs Prezident İlham Əliyevin Qələbə soraqlı tvitlərinin televiziyada səsləndirildiyi anları intizarla gözləyirdi. Azərbaycan Prezidenti xalqa müraciətlərini də, Zəfər xəbərlərini də televiziya kanalları vasitəsilə çatdırırdı. Bu, xalqımızda böyük ruh yüksəkliyi yaratmış və hamını bir amal ətrafında sıx birləşdirərək “Dəmir yumruğ”a çevirmişdi. Prezident İlham Əliyev postmüharibə dövründə də xalqı məlumatlandırmağa davam etdi. Belə ki, müharibə başa çatandan sonra mətbuata verdiyi müsahibələrdə yaranmış yeni reallığın gözləntiləri, baş verən proseslər və əsas məqsədlərimiz barəsində ictimaiyyəti məlumatlandırır və müvafiq dairələrə mesajlarını verirdi. Bu dövrdə dövlətimizin başçısının verdiyi hər bir mesajın reallıqda öz əksini tapdığının şahidi olmuşuq.

 

Prezident İlham Əliyevin ənənəsinə sadiq qalaraq bu il də yerli telekanallara geniş müsahibə verdiyini xatırladan deputat əlavə edib: “Yanvarın 10-da üç saata qədər davam edən müsahibə zamanı dövlətimizin başçısı 20-dən çox sual çavablandırdı. Sualların əhatə dairəsi çox geniş idi. Ölkə Prezidenti jurnalistlərin ünvanladığı hər bir sualın cavabını çox geniş şəkildə təhlil edərək geniş ictimaiyyətə çatdırdı. Jurnalistlərin birbaşa Prezidentlə təması və onları düşündürən suallara cavab verilməsi dünya praktikasında çox az rast gəlinən haldır. Bununla da Prezident İlham Əliyev mətbuata və ictimaiyyətə açıq olmaqla öz xalqını sevən Lider olduğunu bir daha sübut etmiş oldu”.

 

 

 

Diaspora