Xarici işlər naziri Elmar Məmmədyarov Hindistan Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri Sanjay Rananı qəbul edib. XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfir etimadnaməsinin surətini nazirə təqdim edib. E. Məmmədyarov 2013-cü ildə Hindistana rəsmi səfərini xatırlayaraq, iki ölkə arasında enerji, ticarət, turizm, informasiya və kommunikasiya texnologiyaları, mədəniyyət, humanitar və digər sahələrdə əməkdaşlıq üçün əlverişli imkanların olduğunu diqqətə çatdırıb. O, Ermənistan-Azərbaycan münaqişəsi haqqında məlumat verərək Ermənistanın BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamənin tələblərini yerinə yetirmədiyini, münaqişənin həlli üzrə danışıqlar prosesində qeyri-konstruktiv mövqe nümayiş etdirdiyini bildirib.
Sanjay Rana Hindistanın Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü tam şəkildə dəstəklədiyini bəyan edib. O, enerji sahəsində əməkdaşlığın xüsusi əhəmiyyət kəsb etdiyini söyləyərək Hindistan şirkətlərinin Azərbaycanla əməkdaşlığa maraq göstərdiklərini və işgüzar dairələrin qarşılıqlı səfərləri və biznes forumlar vasitəsilə iqtisadi-ticarət əlaqələrinin təşviq edilməsi üçün səylərini əsirgəməyəcəyini vurğulayıb.Nazir səfirə diplomatik fəaliyyətində uğurlar arzulayıb.