Seçicilərə müvafiq dairə seçki komissiyası və ya məntəqə seçki komissiyası tərəfindən qeydiyyatdan çıxma (səsvermə) vəsiqəsinin verilməsinə başlanılır.
QAZİLER.AZ Trend-ə istinadən verdiyi məlumata görə, bu barədə Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim planında qeyd edilib.
Vəsiqələr dairə seçki komissiyaları tərəfindən səsvermə gününə 45-25 gün qalanadək, yəni 2023-cü il dekabrın 24-dən 2024-cü il yanvarın 13-dək verilir.
Həmçinin, nömrələri və hüdudları göstərilən seçki məntəqələrinin siyahısının (seçki məntəqəsi yaşayış məntəqəsi ərazisinin bir hissəsini əhatə etdikdə), yaşayış məntəqələrinin siyahısının (seçki məntəqəsi bir neçə yaşayış məntəqəsində yaradılmışsa), habelə məntəqə seçki komissiyaları, səsvermə otaqlarının yerləri (ünvanları) və məntəqə seçki komissiyalarının telefon nömrələri haqqında məlumatların dairə seçki komissiyaları tərəfindən dərc edilməsi müddəti dekabrın 24-də bitir.
Bununla yanaşı, seçki komissiyalarının səsvermə protokollarının hazırlanması qaydasına, mətninə, formasına, sayına, hazırlanmasına aid tələblərin Mərkəzi Sekçi Komissiyası tərəfindən təsdiq edilməsi müddəti dekabrın 24-də başa çatır.
Xatırladaq ki, dekabrın 7-də Prezident İlham Əliyev Azərbaycanda növbədənkənar prezident seçkilərinin elan edilməsi barədə sərəncam imzalayıb. Sərəncama əsasən, fevralın 7-də növbədənkənar prezident seçkiləri keçiriləcək.