Daşıdığı vəzifənin ictimai-siyasi yükünü nəzərə aldıqda Prezident İlham Əliyevin doğum günü yalnız təqvimin dəyişməsi, yaşın üstünə yaş gəlməsi anlamında qəbul olunmur. Ölkə rəhbəri üçün ad günü həm də dövlət və xalq qarşısında çox məsuliyyətli hesabat məqamıdır. 2003-cü ilin oktyabrında Azərbaycan xalqı İlham Əliyevin fərqli ampluadan diqqətçəkən fərdi keyfiyyətlərini, ölkəmiz naminə genişmiqyaslı fəaliyyətini nəzərə almaqla ona böyük etimad göstərdi və Prezident seçdi. Ötən 20 ildə müasir həyatımızın bütün sahələrində qazandığı uğurlara nəzər saldıqda bir daha əmin oluruq ki, İlham Əliyev Prezident vəzifəsində xalqın ona etimadını layiqincə doğruldub”.
QAZILER.AZ. verdiyi melumata göre bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Ağalar Vəliyev səsləndirib.
Prezident İlham Əliyevin hər zaman xalqına güvənən Lider olduğuna diqqət çəkən deputat qeyd edib ki, dövlətimizin başçısı praqmatik siyasi xadim olaraq bütün məsələlərdə strateji düşüncə tərzinə və yanaşmalara malikdir. Bir sıra hallarda o, verdiyi qərarlarla zamanı qabaqlayır, həmin qərarlar həyatda təsdiqini tapır, bundan cəmiyyət çox məmnun qalır, dövlətimiz isə qazanır. Başqa sözlə desək, İlham Əliyev özünün dediyi kimi, nəyi, necə və nə zaman etməyi hamıdan yaxşı bilir.
A.Vəliyev xüsusi olaraq vurğulayıb: “İllər ötdükcə Prezident İlham Əliyevin xalq arasında nüfuzu seçkilərdən seçkilərə daha da artır ki, bunu 2003-2018-ci illər aralığında keçirilən 4 Prezident seçkisində onun lehinə verilən səslərin yüksələn dinamikası bir daha təsdiqləyir.
Ötən illər ərzində seçicilərin ortaya qoyduqları mövqe ona olan böyük inamdan qaynaqlanır. Prezident dövlət siyasətinin prioritetlərini milli maraqlar əsasında müəyyənləşdirir, cəmiyyətin sosial sifarişlərini mütləq nəzərə alır. Dövlət siyasətində ölkənin, xalqın maraqlarının ehtiva edilməsi xalq-iqtidar vəhdətini təmin edir. Uzunmüddətli daxili sabitliyə, sarsılmaz xalq-iqtidar həmrəyliyinə nail olunması ölkəmizin bütün sahələrdə uğurlar qazanmasını şərtləndirən fundamental amillərdən biridir. Azərbaycan cəmiyyəti dövlət başçısının çoxşaxəli fəaliyyətindən məmnundur və heç şübhə yoxdur ki, gələn il fevralın 7-də keçiriləcək seçkilərdə seçimlərini yenə də doğru istiqamətdə edəcək”.
Deputatın sözlərinə görə, dünyaya nümunəvi inkişaf modeli təqdim edən Azərbaycanın uğurlarını şərtləndirən ən mühüm amillərdən biri də Prezident İlham Əliyev tərəfindən Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasətin varisliyinin təmin edilməsidir. 2003-cü il oktyabrın 15-də keçirilmiş seçkilərdə xalq öz səsini Ümummilli Lider Heydər Əliyev siyasətinin davam etdirilməsinə və ölkədə sabitliyin qorunmasına verib. Bu, son dərəcə mühüm məqamdır. Biz dünyada gedən prosesləri izləyirik və siyasi kursun dəyişməsinin ayrı-ayrı ölkələrdə ağır fəsadlara yol açdığına şahidlik edirik. Son 20 ildə respublikamızın siyasətində geridönüüşlər baş verməyib. Prezident İlham Əliyev Ulu Öndərin əsasını qoyduğu siyasətin ardıcıllığını təmin etməklə onu zamanın çağırışlarına uyğun yeni ideyalarla daha da zənginləşdirib.
A.Vəliyev qeyd edib ki, son 20 ilin yalnız bəzi statistik göstəricilərinə nəzər salınsa davamlı yüksəlişlə müşahidə edilən hərtərəfli inkişafın və əldə olunan böyük nailiyyətlərin miqyası aydın təsəvvür olunar. Belə ki, 2003-2023-cü illərdə ÜDM-in real həcmi 4 dəfə artaraq 6,2 milyard dolardan 78,7 milyard dollara çatıb, dövlət büdcəsinin xərcləri 30 dəfə, sosial müdafiə xərcləri isə 20 dəfə artıb. Əgər 2003 ildə adambaşına düşən büdcə xərcləri 150 manatdan az idisə, hazırda bu rəqəm 3500 manatdır. Bu illər ərzində ölkə iqtisadiyyatına qoyulan investisiyaların həcmi 310, 4 milyard dollar təşkil edib, strateji valyuta ehtiyatları 1,4 milyard dollardan 66,1 milyard dollara yüksəlib. Uğurla icra olunan Dövlət proqramları əsasında regionlara 104 milyard manat sərmayə yatırılıb. Ötən müddətdə 1,8 milyondan çox yeni iş yeri və 52 mindən artıq yeni müəssisə yaradılıb, 3600-dən çox məktəb, 450-dən çox uçaq bağçası, 760-a yaxın tibb müəssisəsi, 17 min kilometrdən çox avtomobil yolu, 500-dən çox körpü-tunel tikilib və ya təmir olunub, 43 Olimpiya İdman Kompleksi istifadəyə verilib.
Bu xüsusda fikirlərini davam etdirən deputat deyib ki, Prezident İlham Əliyev Azərbaycanın siyasi sisteminə rasional davranış modeli, məntiqi mühakimələrə və analitik təhlilə əsaslanan, mütərəqqi, pozitiv, milli məqsədlərə xidmət edən, realizmə söykənən fəaliyyət nümunəsi gətirib. Onun təqdim etdiyi model milli mənəviyyatımıza uyğun siyasi əxlaq standartını, milli siyasi etika nümunəsini özündə ehtiva edir.
Dövlətimizin başçısının apardığı siyasətin əsas qayəsini “Biz birlikdə güclüyük” tezisinin təşkil etdiyini vurğulayan deputat diqqətə çatdırıb: “Dünyadakı iqtisadi böhranlara, beynəlxalq təzyiqlərə və pandemiyanın yaratdığı çətinliklərə rəğmən, ölkə rəhbəri xalqa arxalanaraq Azərbaycanı inkişafa doğru aparır. Sonuncu prezident və parlament seçkilərindən sonra ölkəmizdə başlanan islahatlar yeni mərhələyə keçib və bu gün də bu mütərəqqi proses Prezident İlham Əliyevin rəhbərliyi altında əzmlə davam etdirilir. Uğurlu dövlət siyasəti müasir Azərbaycanın güclənməsinə, sosial-iqtisadi sahədə möhtəşəm uğurlar qazanmasına, beynəlxalq nüfuzunun artmasına, milli-mənəvi dəyərlərimizin ən yüksək səviyyədə qorunmasına xidmət edir. Dünyada tolerantlıq məkanı kimi tanınan Azərbaycan dövlət başçısının danılmaz xidmətləri sayəsində mədəniyyətlərarası və sivilizasiyalararası dialoq məkanı kim tanınır. Gələn il COP29 kimi mühüm tədbirin keçirilməsinə ev sahibliyi hüququnun Azərbaycana verilməsi ölkəmizə və onun Liderinə beynəlxalq səviyyədə inamın artmasının bariz ifadəsidir”.
Ölkənin ərazi bütövlüyünün və suverenliyinin təmin edilməsinin cənab Prezidentin ad gününə ən böyük hesabatı olduğunu vurğulayan Ağalar Vəliyev 44 günlük müharibədə qazanılan şanlı Zəfərin son 200 illik tariximizin ən parlaq səhifəsi olduğunu bildirib. Rəşadətli Silahlı Qüvvələrimiz Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə Vətən müharibəsində misilsiz Qələbə çalaraq müstəsna əhəmiyyətli nailiyyətə imza atdı. Beləliklə, Azərbaycan özünün ərazi bütövlüyünü hərbi-siyasi yolla təmin etdi.
“Silahlı Qüvvələrimizin Vətən müharibəsində qazandığı böyük Qələbənin əbədi qürur mənbəyimiz olacağını bildirən A.Vəliyev qeyd edib ki, cari il sentyabrın 19-20-də keçirilən lokal xarakterli antiterror tədbirlərinin cəmi 23 saat ərzində uğurla yekunlaşması ilə Qarabağda separatizmə son qoyulub və bununla da Azərbaycanın suverenliyi bütün ölkə ərazisində tam təmin olunub. Prezident İlham Əliyev oktyabrın 15-də - dövlət başçısı seçilməsinin 20 ilinin tamamında Xankəndidə Azərbaycan Bayrağını təntənəli şəkildə ucaltdı. Biz bunu bir vaxtlar heç xəyalımıza da gətirə bilməzdik. Prezident İlham Əliyevin müdrikliyi və qüdrəti onun mümkünsüz görünəni reallığa çevirməsi, xalqımızın ən böyük arzu və istəyini həyata keçirməsidir.
Dekabrın 21-də Xankəndi şəhər stadionunda son 30 ildə ilk dəfə olaraq Azərbaycan komandaları arasında keçirilən və dünyaya mesaj mənasında mühüm əhəmiyyət kəsb edən futbol oyununda Prezident İlham Əliyevin bir daha vurğuladığı kimi, bu torpaqlarda Azərbaycan Bayrağı əbədi dalğalanacaq. Biz Azərbaycanlılar burada əbədi yaşayacağıq!”, - deyə deputat vurğulayıb.