Azərbaycanda 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar Prezident seçkiləri ilə əlaqədar ölkəmizin Gürcüstandakı səfirliyində seçki məntəqəsi yaradılacaq.
QAZİLER.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, səfirlik bununla əlaqədar olaraq Gürcüstanda daimi və ya müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşlarına müraciət edib.
Müraciətdə deyilir ki, 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində bu ölkədə yaşayan vətəndaşlarımızın seçki hüquqlarının təmin edilməsi məqsədilə ölkəmizin Gürcüstandakı səfirliyində seçki məntəqəsi yaradılacaq.
Gürcüstanda daimi və ya müvəqqəti yaşayan, eləcə də uzunmüddətli ezamiyyətdə olan 18 yaşı tamam olmuş Azərbaycan Respublikası vətəndaşlarının seçki siyahısına əlavə olunmaları məqsədilə cari il dekabrın 29-dək aşağıda qeyd olunmuş əlaqə vasitələri ilə Azərbaycanın Gürcüstandakı səfirliyinə müraciət etmələri xahiş olunur:
Telefon: +995 555 250 993, +995 32 224 30 04
Elektron poçt: [email protected]
Azərbaycan Respublikası vətəndaşının adının seçki siyahısına əlavə edilməsi üçün müraciət zamanı tam adını (adı, soyadı və ata adı), doğulduğu tarixi (gün, ay və il), qeydiyyatda olduğu və yaşadığı ünvan barədə məlumatı səfirliyə təqdim etməsi zəruridir.