Xarici işlər naziri Elmar Məmmədyarov Gürcüstana rəsmi səfəri çərçivəsində Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə görüşüb.
XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüş zamanı Baş nazir iki ölkə arasında mövcud olan möhkəm dostluq və strateji tərəfdaşlıq münasibətlərinin hazırkı inkişafından məmnunluğunu bildirib. İ.Qaribaşvili, həmçinin regional əməkdaşlıq sahəsində Azərbaycan və Gürcüstan arasında münasibətlərin nümunəvi xarakter daşıdığını qeyd edib.Xarici işlər naziri strateji tərəfdaşlıq və dostluq münasibətlərinin daha da möhkəmləndirilməsinin iki dövlətin maraqlarına xidmət etdiyini bildirərək, həyata keçirilən enerji və nəqliyyat layihələrinin ölkələrimizin və regionun rifahı baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Baş nazir reallaşmış enerji və nəqliyyat layihələrində olduğu kimi, TANAP və TAP layihələrində də Gürcüstanın etibarlı tərəfdaş olduğunu diqqətə çatdırıb.
Görüşdə Azərbaycan və Gürcüstanın qarşılıqlı şəkildə bir-birilərinin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını dəstəklədikləri vurğulanıb.
E.Məmmədyarov İ.Qaribaşvilini iyun ayında Bakıda keçiriləcək İlk Avropa Oyunlarının açılış mərasimində iştirak etməyə dəvət edib.
Baş nazir böyük məmnuniyyətlə dəvəti qəbul etdiyini bildirib.