Vyanada Azərbaycan və Türkiyə səfirliklərinin təşkilatçılığı ilə qala gecəsi keçirilib

Vyanada Azərbaycan və Türkiyə səfirliklərinin təşkilatçılığı ilə qala gecəsi keçirilib backend

Dekabrın 14-də Vyanada Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi və Türkiyə Cümhuriyyətinin qurulmasının 100 illiyi münasibətilə qala gecəsi keçirilib.

QAZİLER.AZ  AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan və Türkiyə səfirlikləri tərəfindən təşkil olunan, Avstriya parlamentinin üzvlərinin, Vyanada akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin, Avstriyadakı Azərbaycan diasporunun fəallarının iştirak etdikləri tədbirdə hər üç ölkənin dövlət himnləri səsləndirilib.

Tədbiri giriş sözü ilə açan ölkəmizin Avstriyadakı səfiri Rövşən Sadıqbəyli bildirib ki, yola salmaqda olduğumuz il həm doğma Azərbaycan, həm də qardaş Türkiyədə önəmli tarixlərin qeyd edilməsi ilə yadda qalacaq. Ölkəmizdə və onun hüdudlarından kənarda Azərbaycanın müasir tarixindəki hər bir mərhələdə dərin izi olan Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi təntənəli şəkildə qeyd edilir.

Diqqətə çatdırılıb ki, 1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycan üçün növbəti illər ağır siyasi şəraitdə keçib. Məhz 1993-cü ildə xalqımızın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyevin siyasi fəaliyyəti gələcək nəsillər üçün tarixi irsə çevrilib, Azərbaycanın siyasi-iqtisadi inkişafında yeni mərhələyə start verilib. Bu gün Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən, milli maraqlara əsaslanan müstəqil daxili və xarici siyasət nəticəsində ərazi bütövlüyümüz tam təmin edilib. Hazırda regionda davamlı sülhün bərpası istiqamətində yeni addımlar atılmaqdadır.

Səfir qeyd edib ki, 2023-cü il həmçinin qardaş Türkiyənin dövlətçilik tarixi üçün də əlamətdar ildir. 100 il əvvəl çox çətin şəraitdə tarixi zəfər çalaraq, istiqlaliyyətini elan edən Türkiyə artıq müasir dünya nizamında öz sözünü deyə bilən, qabaqcıl ölkələr sırasında yer alan güclü bir dövlətdir. Milli Liderlərimiz Heydər Əliyevin və Mustafa Kamal Atatürk böyük uzaqgörənliklə başlatdığı və dövlət başçılarımız tərəfindən daha da inkişaf etdirilən birlik, dostluq və qardaşlıq əlaqələri bu gün dövlətlərimizi qlobal müstəvidə qüdrətli edən mühüm amildir. Azərbaycan ilə Türkiyə arasındakı əlaqələr strateji xarakter daşıyır, dostluq və qardaşlıq prinsiplərinə əsaslanır.

Türkiyənin Avstriyadakı səfiri Ozan Ceyhun çıxışında bu ilin Azərbaycan və Türkiyə üçün önəmindən bəhs edib. Səfir bildirib ki, 1923-cü il oktyabrın 29-u Türkiyə tarixində azadlıq mübadiləsinin milli müstəqilliklə nəticələndiyi tarixi bir dönüş nöqtəsidir. Bu gün Türkiyə həmin möhkəm təməl üzərində uğurla inkişaf etməkdədir.

Azərbaycan-Türkiyə münasibətlərinə toxunan O. Ceyhun bu strateji tərəfdaşlığın dünyada misli görünməyən bir qardaşlıq səviyyəsində olduğunu vurğulayıb. O, Azərbaycanın ötən illərdə ərazi bütövlüyünün bərpası uğrunda apardığı mübarizədə Türkiyənin daim dəstək göstərdiyini və gələcəkdə də bütün imkanları ilə Azərbaycanın yanında olmağa davam edəcəyini söyləyib.

Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Elşad Əliyev çıxışında Ulu öndər Heydər Əliyevin siyasi fəaliyyəti, xüsusilə onun dünya azərbaycanlılarının həmrəyliyinə göstərdiyi diqqətdən bəhs edib. Vurğulanıb ki, Heydər Əliyev Azərbaycan dövlətçiliyinin milli və ümumbəşəri dəyərlərə əsaslanan uzunmüddətli konsepsiyasını işləyib hazırlayıb, diaspor quruculuğu həmin dövlətçilik siyasətinin çox mühüm tərkib hissəsi olub. “Hələ ötən əsrin 70-80-ci illərində bu məsələyə xüsusi diqqət ayıran H. Əliyevin təşəbbüsü əsasında 1991-ci ildə Naxçıvan Ali Məclisi tərəfindən Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü barədə qərar qəbul edilib. 2001-ci ildən başlayaraq Dünya Azərbaycanlılarının Qurultayları təşkil edilir və 2002-ci ildə diaspor məsələləri ilə məşğul olan ayrıca dövlət qurumu yaradılıb”,- deyə o qeyd edib.

Türkiyənin 100 illik yubileyinə də toxunan Elşad Əliyev Azərbaycanın sarsılmaz qardaşlıq əlaqələri ilə bağlı olduğu Türkiyənin bu gün müasir dünya siyasətində tutduğu mühüm rolu vurğulayıb.

Çıxışlardan sonra Ümummilli Lider Heydər Əliyevin siyasi fəaliyyətinə həsr olunmuş sənədli film nümayiş etdirilib.

Sonra Azərbaycanın Əməkdar artisti, dirijor, bəstəkar və pianoçu Turan Manafzadə və Avstriyanın Anton Brukner adına Konservatoriyasının tələbəsi, respublika və beynəlxalq müsabiqələr laureatı, pianoçu Ayan Məmmədli konsert proqramı ilə çıxış ediblər. Konsertdə Azərbaycan, türk və Avropa bəstəkarlarının əsərləri, Azərbaycan və Türkiyədə sevilən mahnılar səsləndirilib.

Sonda ziyafət verilib.

 

 

Diaspora