Bakıda “Azərbaycan-Qırğızıstan” Dostluq Cəmiyyəti təsis olunub.
Yenicag.az xəbər verir ki, dekabrın 12-də Qırğızıstanın Bakıdakı səfirliyində “Azərbaycan-Qırğızıstan” Dostluq Cəmiyyətinin təsis yığıncağı keçirilib.
Yığıncaqda Azərbaycanın Əməkdar jurnalisti, manaşünas alim, “Manas” eposundan bəhs edən kitabın müəllifi Adil Cəmil (Cəmilov Adil Savalan oğlu) “Azərbaycan-Qazaxıstan” Dostluq Cəmiyyətinin prezidenti Eldar Günaydın, “Zəngəzur” sanatoriyasının rəhbəri Məzahir Qasanov, Qırğızıstanın Azərbaycandakı Ticarət Evinin təsisçisi Zəfər Məmmədov, publisist və politoloq Teymur Ataev, həmçinin Qırğızıstanın Azərbaycan və Gürcüstandakı səfiri Kayrat Osmonaliyev və səfirin müşaviri Asalbek İsayev iştirak edib.
Toplantının əvvəlində iştirakçılar Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Daha sonra çıxış edən səfir Kayrat Osmonaliyev bildirib ki, bu il Qırğızıstanda və Azərbaycanda diplomatik münasibətlərin qurulmasının 30 illiyi qeyd olunub.
O, Qırğızıstan prezidenti Sadir Japarovun Azərbaycana 2022-ci ilin aprelində baş tutan rəsmi səfəri zamanı iki ölkə arasında əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə qaldırıldığını və ölkə başçıları səviyyəsində Dövlətlərarası Şuranın yaradıldığını xatırladıb.
Tədbirdə “Yeni Çağ” Media Qrupuna daxil olan Yenicag.ru (“Novaya Epoxa”) portalının əməkdaşı Cəmilə Çebotaryova Qırğızıstanın və bütün türk dünyasının böyük yazıçısı, 95 illiyi qeyd olunan Çingiz Aytmatovun xatirəsini əks etdirən “Çingiz Aytmatov medalı” ilə təltif olunub. Medalı jurnalistə səfir Kayrat Osmonaliyev təqdim edib.
Yığıncaq çay süfrəsi ilə başa çatıb.