Xarici işlər Naziri Elmar Məmmədyarov Gürcüstana rəsmi səfəri çərçivəsində Gürcüstan Prezidenti Georgi Marqvelaşvili ilə görüşüb.
XİN-in mətbuat xidmətindən QAZİLƏRƏ verilən məlumata görə, E.Məmmədyarov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Gürcüstan Prezidentinə çatdırıb. G.Marqvelaşvili, öz növbəsində, səmimi salamlarının və ən xoş arzularının Azərbaycan Prezidentinə çatdırılmasını xahiş edib.G.Marqvelaşvili Azərbaycan və Gürcüstan arasındakı strateji tərəfdaşlıq əlaqələrinin region üçün böyük əhəmiyyət kəsb etdiyini qeyd edib. İkitərəfli formatda olduğu kimi, ölkələrimizin Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirən üçtərəfli çərçivədə də uğurla əməkdaşlıq etdiyini vurğulayıb.
E.Məmmədyarov həyata keçirilən irimiqyaslı enerji və nəqliyyat layihələrinin ölkələrimizin müstəqilliyinin möhkəmlənməsinə, inkişafına və regional çiçəklənməyə xidmət etdiyini bildirib.
Bakı-Tbilisi-Qars dəmiryolu layihəsinin ölkələrimizin regional mövqeyinin güclənməsinə töhfə verdiyini deyən nazir bu layihəyə Orta Asiya dövlətlərinin də ciddi maraq göstərdiyini diqqətə çatdırıb.
O, üçtərəfli əsasda Azərbaycan-Gürcüstan-Türkiyə əməkdaşlığının əhəmiyyətini qeyd edib.
Görüşdə Azərbaycan və Gürcüstanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına qarşılıqlı dəstək ifadə olunub.