Rusiya Xarici İşlər Nazirliyi (XİN) Bakı və İrəvanın münasibətlərin normallaşdırılması və sülh sazişinin imzalanması ilə bağlı qarşılıqlı təşəbbüsünü alqışlayır.
Bunu qurumun rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə News.ru-nun “Siz artıq Azərbaycan və Ermənistanın birgə bəyanatına münasibət bildirmisiniz. Sizcə, bu sənədin ortaya çıxması faktının özü də yaxın gələcəkdə sülh müqaviləsinin imzalanmasından xəbər verirmi?” sualını cavablandırarkən deyib.
“Ermənistan-Azərbaycan sülh sazişinin imzalanması müddətinə gəlincə, hər zaman dediyimiz kimi, bunları tərəflər özləri müəyyən etməlidir. Biz də öz növbəmizdə balanslaşdırılmış sazişin hazırlanmasında tərəfdaşlarımıza bundan sonra da kömək etməyə hazırıq. Bu sənəd regionda sabitlik üçün etibarlı zəmin yaratmaq məqsədi daşıyır”, - o bildirib.