"Azərbaycan qələbə əldə etdikdən sonra, regionda yeni reallıqlar yaranıb. Bu reallıqlar ondan ibarətdir ki, artıq Azərbaycan müstəqillik əldə etdikdən sonra ilk dəfə olaraq bütün ərazisində dövlət müstəqilliyimizi və ərazi bütövlüyümüzü tamamilə bərpa eləyə bilmişik. Azərbaycanın bütün ərazisində onun üçrəngli bayrağı dalğalanmaqdadır".
Qaziler.az xəbər verir ki, bu fikirləri Millət vəkili Mahir Abbaszadə 2024-cü il fevralın 7-nə təyin olunmuş növbədənkənar prezident seçkilərini şərh edərkən deyib. O, bildirib ki, Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərini zərurətə çevirən əsas məsələlər var.
"Biz ilk dəfə olaraq Azərbaycanın bütün ərazisində həm de-fakto, həm də de-yure seçkilərin keçirilməsinə nail ola biləcəyik. Regionda tam müstəqil ölkə olmuş Azərbaycanın qələbəsini həzm edə bilməyən dövlətlərin bəzilərinin təxribat davranışlarının qarşısını almaq üçün siyasi sistemin gücləndirilməsinə ciddi ehtiyac var. Siyasi sistemin də gücləndirilməsi seçkilərdən keçir. Bu nöqteyi nəzərdən növbədənkənar prezident seçkilərinin keçirilməsi böyük bir prosesdir və bu, ölkədə siyasi sistemin möhkəmlənməsinə, siyasi islahatların aparılmasına, müsbət mənada siyasi nəticələrin əldə edilməyinə çox böyük bir imkan yaradacaq.
Həm də nəzərə alsaq ki, Azərbaycanda vahid seçki imkanları yüksək səviyyədədir, hər bir namizəd seçki məcəlləsinə əsasən, Azərbaycan Respublikasının Prezidenti növbədənkənar prezident seçkilərində istənilən şəxs iştirak eləyə bilər, bu bütün namizədlər üçün ən yaxşı mənada, bütün namizədlər üçün bərabər şəraitin yaradılmasını özündə ehtiva edir.
Eyni zamanda onu nəzərə almaq lazımdır ki, Azərbaycanda siyasi partiyalar haqqında qanun qəbul edilib. Həmin siyasi partiyalar haqqında qanuna uyğun olaraq, siyasi partiyalar qeydiyyatdan keçmişdir. Artıq biz görürük ki, möhtərəm cənab prezidentin seçkilərin keçirilməsi ilə bağlı sərəncamı olan kimi yenə ənənəvi radikal müxalifət yenə bəyanatlar verməklə məşğuldur. Yenə seçkilərdə iştirak etmək əvəzinə, seçkilərlə bağlı manipulyasiyalar həyata keçirilir, qərəz nümayiş etdirilir. Amma bütün bunlar onu göstərir ki, vaxtilə siyasi partiyalar qeydiyyatdan keçən zaman bu siyasi partiyalar özlərinə lazım olan 5 min imzanı belə toplamaqda çətinlik çəkirdilər. Onlar təxminən 2-3 dəfə Ədliyyə Nazirliyinə imzaların dəqiqləşdirilməsi ilə bağlı müraciət etdikdən sonra nazirlik tərəfindən qeydiyyat həyata keçirilirdi. Yəni siyasi partiyaların bəziləri hansı ki, onlar indiyə qədər dağıdıcı faliyyətlə məşğul olublar, adını müxalifət qoyanlar indidən seçkidə uduzacaqlarını, seçkidə qalib gələ bilməyəcəklərini bəri başdan gördükləri təqdirdə, belə manipulyasiyalara imkan verirlər. Amma bütün bunların hamısı elə manipulyasiya olaraq qalacaq, çünki Azərbaycan xalqı özünün müzəffər Ali Baş Komandanını, liderini tanıyır. Hanısı ki, möhtərəm cənab prezident İlham Əliyev hakimiyyətdə olduğu müddətdə Azərbaycan xalqına verdiyi bütün vədləri yerinə yetirib. Xüsusilə, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi, Azərbaycanın müstəqilliyinin Azərbaycanın bütün ərazisi olmaqla və üçrəngli bayrağımızın Azərbaycanın bütün ərazisində dalğalandırması ilə bağlı verdiyi vədlərin hər birinə əməl edibdir. Düşünürəm ki, növbədənkənar seçkilərlə bağlı verilmiş qərar, əslində bundan sonra Azərbaycanda islahatların davamlı şəkildə aparılmasına, siyasi sistemin möhkəmlənməsinə və inkişaf etməsinə xidmət edəcəkdir".
Firuzə Alimova
QAZİLER.AZ