İyirminci yüzilliyin sonlarında xalqımız tarixin yaratdığı şansdan istifadə edərək arzusunda olduğu müstəqilliyinə qovuşdu. Dünya dövlətlərinin sırasına Azərbaycan Respublikası adlı yeni bir ölkə əlavə olundu. Çox keçmədi ki, azadlığı və müstəqilliyi haqq edən Azərbaycan xalqı böyük çətinliklə üzləşdi. Hakimiyyət sükanı arxasına keçən naşı, səriştəsiz şəxslərin bərbad idarəçilik üsulu ölkəni dərin uçurum qarşısına gətirib çıxardı. Gənc bir dövlətin müstəqilliyi üçün ciddi təhlükə yarandığı bir şəraitdə xalq “olum, ya ölüm” dilemması qarşısında qaldı.
Daxili çəkişmələr, separatçılıq meyillərinin güclənməsi ölkədə əsl xaos və anarxiya yaratmışdı. Çarəsiz duruma düşən xalqımız həmin çətin tarixi şəraitdə müdrik qərar qəbul edərək tanınmış siyasətçi, zəngin dövlətçilik təcrübəsinə malik olan Heydər Əliyevi hakimiyyət sükanı arxasına dəvət etdi. Vətənini və xalqını canından artıq sevən Ulu Öndər bu çağırışa səs verərək xilaskarlıq missiyasını üzərinə götürdü. “Mən ömrümün qalan hissəsini də xalqıma bağışlayıram”, - deyən Heydər Əliyev Naxçıvandan paytaxta gələrək dövlətimizin, dövlətçiliyimizin xilası naminə fəaliyyətə başladı.
QAZİLER.AZ verdiyi məlimata görə, bu fikirləri AZƏRTAC- a açıqlamasında siyasi şərhçi, mexanika üzrə fəlsəfə doktoru Emin Bağırov deyib.
O bildirib ki, hələ sovetlər dönəmində respublikamızın gələcək inkişafı üçün bütün bilik və bacarığını səfərbər etmiş Ümummilli Lider gənc Azərbaycan dövlətinin xilas yolunu yaxşı bilirdi. Ulu Öndər haqlı olaraq hesab edirdi ki, ölkənin gələcək inkişafına gedən yol məhz siyasi sabitlikdən başlayır. Bu, ölkədə baş alıb gedən hərc-mərcliyin, xaos və anarxiyanın aradan qaldırılması üçün son dərəcə vacib idi. Yüksək idarəçilik qabiliyyətinə malik, böyük səbir və təmkin sahibi olan Heydər Əliyev bununla, həm də Azərbaycanda siyasi mədəniyyət formalaşdırdı. O, ölkəni düşdüyü bu böhranlı, təzadlı vəziyyətdən xilas etməyin yollarını dərindən bilsə də, hər kəsi təmkinlə dinləməyə hazır olduğunu nümayiş etdirdi. Hər kəsə isə düşüncəsinə və siyasi savadına görə qiymət verirdi.
Qısa müddətdə ölkədə siyasi sabitliyin bərpasına nail olan Ümummilli Lider gələcək inkişafın konturlarını cızmağa başladı. “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir”, - deyən Ulu Öndər Heydər Əliyev gənc Azərbaycanın bitkin iqtisadi inkişaf konsepsiyasını işləyib hazırladı. Respublikanın iqtisadi potensialına, onun yeraltı və yerüstü sərvətlərinə dərindən bələd olan Ümummilli Lider “qara qızıl”ın müstəqilliyimizin möhkəmləndirilməsinə verə biləcəyi müstəsna rolunu nəzərə alaraq ölkənin yeni neft strategiyasını işləyib hazırladı. Heydər Əliyev onu da yaxşı bilirdi ki, lazımi maliyyə resursları, eləcə də qabaqcıl texnologiyalar olmadan Xəzər dənizində yerləşən yataqların karbohidrogen ehtiyatlarının çıxarılması mümkün deyil. Bunun üçün isə dünyanın qabaqcıl neft şirkətlərini ölkəmizə dəvət etmək və onları Xəzərdəki yataqların neft-qaz ehtiyatları ilə zənginliyinə inandırmaq lazım idi. Ulu Öndər bunu da məharətlə bacardı, tanınmış neft şirkətlərinin rəhbərlərini Bakıya dəvət edərək onlarla müzakirələr apardı. Həmin danışıqların nəticəsi olaraq 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi” adlandırılan tarixi saziş imzalandı. Bununla da Azərbaycanın neft sənayesinin, ölkə iqtisadiyyatının qapıları xarici sərmayələrin üzünə açıq elan olundu. “Əsrin müqaviləsi”, həm də Azərbaycan iqtisadiyyatının bünövrəsinə atılmış möhkəm təməl daşı idi. Artıq 30 ilə yaxındır ki, ölkəmiz bu təməl üzərində dünyaya boylanır, özünün enerji müstəqilliyini təmin etməklə yanaşı, bir sıra dövlətlərin, eləcə də Avropanın enerji təhlükəsizliyinə mühüm töhfələr verir.
Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində iqtisadiyyatın liberallaşdırılması və azad bazar münasibətlərinə keçid istiqamətində mühüm addımlar atıldı, nəticə etibarı ilə ölkədə sahibkarlığın inkişafı üçün əlverişli şərait yaradıldı. Bütün bunlar ölkəmizin iqtisadi qüdrətinin artmasına və beynəlxalq nüfuzunun güclənməsinin başlıca səbəblərindən biri oldu. Qısa zaman içində Ulu Öndər yox olmaq təhlükəsinin bir addımlığında olan bir ölkəni qətiyyətli, praqmatik qərarları ilə inkişaf, tərəqqi yoluna çıxardaraq liderliyini, böyüklüyünü bütün dünyaya sübut etdi.
Şübhəsiz ki, bu gün xalqımız Cənubi Qafqazın super gücü olan qüdrətli Azərbaycanın bütün uğurlarına görə Ümummilli Lider Heydər Əliyevə borcludur. İndi həyatımızın elə bir sahəsi yoxdur ki, orada Ulu Öndərin parlaq zəkasının nəticəsi, izləri hiss olunmasın. Azərbaycan xalqı Ümummilli Liderin dövlətçilik, idarəçilik konsepsiyası ilə Prezident İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızı işğaldan azad edərək ölkəmizin ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib. Heydər Əliyevin müqəddəs arzusunu gerçəkləşdirən xalqımız hazırda Ali Baş Komandan, dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzurun quruculuq salnaməsini yaradır. Bir sözlə, bu gün xalqımız Heydər Əliyevin bizə miras qoyduğu müstəqil Azərbaycanı onun adına və nüfuzuna layiq şəkildə inkişaf etdirir, ölkəmizi layiq olduğu xoşbəxt gələcəyinə qovuşdurur.
Sonda siyasi şərhçi qeyd edib ki, dekabrın 12-si xalqımızın ümummilli hüzn günüdür. 2003-cü ilin bu tarixində xalqımızın böyük övladı, əsrlər boyu ürəyimizdə yaşatdığımız müstəqil dövlətçilik arzumuzu gerçəkliyə çevirən Heydər Əliyev əbədiyyətə qovuşub. Xatirəsini sayqı və ehtiramla, ümumxalq cosqusu ilə qeyd etdiyimiz xalqımızın əbədi lideri bu gün sıramızda yoxdur. Amma Ulu Öndər bizim üçün tolerantlıq və multikultural dəyərlərin məbədi olan qüdrətli bir ölkə qurdu. Bizə müstəqil, azad olmağın sevincini yaşadaraq ölməzlik qazandı və hər birimiz üçün əbədiyaşarlıq nümunəsi, sevgi ünvanı oldu.