Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının (UNECE) icraçı katibi Tatyana Molçanı qəbul edib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın 1993-cü ildə BMT-nin Avropa üzrə İqtisadi Komissiyasına üzv qəbul olunmasından etibarən ölkəmiz ilə bu təsisat arasında sıx əlaqələrin qurulduğunu deyən dövlət başçısı qeyd edib ki, Azərbaycan bu Komissiya ilə ətraf mühitin mühafizəsi, nəqliyyat, gömrük, enerji, Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi və digər sahələrdə uğurlu əməkdaşlıq edir.
Prezident İlham Əliyev BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının nümayəndə heyətlərinin ölkədə Azərbaycanın sədrliyi ilə təşkil olunan beynəlxalq tədbirlərdə iştiraklarını məmnunluqla qeyd edib. Dövlət başçısı bu xüsusda Bakıda keçirilən BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı (SPECA) Zirvə görüşündə BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının və BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının icraçı katiblərinin iştirakını SPECA çərçivəsində əməkdaşlığa verilən əhəmiyyətin nümunəsi kimi qiymətləndirib.
Azərbaycan Prezidenti SPECA yarananda üzv ölkələrin müstəqilliklərinin ilk mərhələsində, fərqli geosiyasi və coğrafi mühitdə olduqlarını xatırladı, ötən müddət ərzində üzv ölkələrin müstəqil dövlətlər olaraq uğurlu inkişaf yolu keçdiklərini vurğulayıb.
SPECA Zirvə görüşünün Bakıda keçirilməsinin Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığın hərtərəfli və dinamik surətdə inkişafının bariz nümunəsi olduğunu deyən Prezident İlham Əliyev son illər ərzində Azərbaycan ilə region ölkələri arasında siyasi, iqtisadi, nəqliyyat və digər sahələrdə əməkdaşlığın genişlənməsini məmnunluqla qeyd edib. Dövlət başçısı vurğulayıb ki, SPECA-nın üzvü olan dövlətlər sıx əməkdaşlıq nəticəsində uğurlu regional model təqdim edirlər. Bu, həmçinin Azərbaycanın və Mərkəzi Asiya ölkələrinin vahid siyasi, iqtisadi və geosiyasi bir məkanı ifadə etmələrinin bariz təzahürü, Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığı daha da genişləndirmək əzminin və niyyətinin nümunəsidir.
Dəvətə görə təşəkkürünü bildirən Tatyana Molçan Azərbaycanın SPECA-ya uğurlu sədrliyini vurğulayıb və ilk dəfə bu formatda Zirvə görüşünün keçirilməsinin mühüm nailiyyət olduğunu deyib.
Azərbaycanın sədrliyi ilə bu çərçivədə əməkdaşlığın daha böyük perspektivlərinin olduğunu qeyd edən qonaq Sammitin SPECA-nın yaranmasının 25-ci ildönümünə təsadüf etməsini və bu xüsusda, BMT Baş Assambleyasında SPECA-nın təsis edilməsinə dair qətnamənin qəbul olunmasını əhəmiyyətini vurğulayıb.
Tatyana Molçan SPECA-nın Sammitində BMT Baş katibini təmsil etməsindən məmnunluq duyduğunu bildirib. O, bu Sammitin SPECA-ya üzv ölkələr arasında qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi, prioritetlərin və eyni zamanda, çağırışların müzakirəsi baxımından böyük əhəmiyyət daşıdığını bildirərək BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının Sammit çərçivəsində aparılacaq müzakirələrdə həmsədr qismində iştirakının məmnunluq doğurduğunu deyib.
Görüşdə nəqliyyat dəhlizləri, urban-meşə konsepsiyası və şəhərlərdə yaşıllaşdırmanın artırılması, Azərbaycanın tarazlaşdırılmış və uğurlu şəkildə bərpaolunan və yaşıl enerji konsepsiyasına keçidi, bu istiqamətdə ölkəmizin irəli sürdüyü təşəbbüslər ilə bağlı fikir mübadiləsi aparılıb.
Mərkəzi Asiya ölkələri ilə nəqliyyat imkanlarının artırılması, Orta Dəhlizin əhəmiyyəti, Azərbaycanın ölkəmizdə və qonşu ölkələrdə nəqliyyat infrastrukturunun inkişafına yatırdığı investisiyalar məmnunluqla qeyd edilib. Bu baxımdan BMT-nin Avropa üzrə İqtisadi Komissiyası ilə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.
Söhbət zamanı “Transsərhəd kontekstində ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında Konvensiya” - Espo Konvensiyasının əhəmiyyətinə toxunulub, bu Konvensiyanın regionda təşviqinin, bölgədə su hövzələrinin və çayların ekoloji təmizliyinin təmin olunmasının, sərhədyanı zonalarda, xüsusilə də mədən sənayesi ilə əlaqədar işlərin aparılmasında qonşu dövlətlərin narahatlıqlarının nəzərə alınmasının vacibliyi qeyd edilib.
*****
10:35
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının (UNECE) icraçı katibi Tatyana Molçanı qəbul edib.
Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidmıti məlumat yayıb.